Fevralın 23-dən Bastainfo.com saytı güclü haker hücumlarına məruz qalır. Nəticədə sayta giriş qapanıb. Fevralın 27-də saytın baş redaktoru Mustafa Hacıbəyli məsələ ilə bağlı Novator.az-ın suallarını cavablandırıb.
– Hücumlar hansı üsullarla həyata keçirilir?
– Anonim İP-lər vasitəsilə sayta süni trafik yüklənir, bu yüklənmə nəticəsində sayta giriş qapanır. Digər tərəfdən saytımıza virus yüklənir və oxucu sayta daxil olmaq istəyəndə “Basta”ya girişin təhlükəli olduğu barədə bildiriş alır.
Sosial şəbəkələrdəki səhifələrimiz də hücumlara məruz qalmaqdadır. Bu hücumlar “trol”lar vasitəsilə həyata keçirilir. Bildiyiniz kimi, “trol” sosial şəbəkərlərdə süni ictimai rəy yaratmaq üçün istifadə edilən saxta səhifələrə deyilir. Belə səhifələrdən ayrı-ayrı şəxslərin, qurumların səhifələrinə problem yaratmaq məqsədilə də istifadə olunur. Bu zaman “trol”lar vasitəsilə sosial şəbəkənin müvafiq xidmətinə kütləvi şəkildə şikayət göndərilir. Bizə qarşı da bu üsula əl atılıb. “Trol”lar “Basta”nın “Facebook” və digər sosial şəbəkələrdəki səhifələrində guya təhqirlərin olduğu barədə şəbəkə administrasiyalarına saysız-hesabsız şikayət göndərirlər. Halbuki heç vaxt təhqiredici material dərc etməmişik. Sosial şəbəkələrin rəhbərliyi belə şikayətləri bir-bir araşdırmır. Sadəcə olaraq şəbəkə sistemində proqram yerləşdirilib və hansısa yazıdan kütləvi şikayət gələndə həmin yazı avtomatik şəkildə səhifədən silinir. Hücumun təşkilatçıları bu yolla yüzlərlə yazımızın sosial şəbəkələrdən silinməsinə nail olublar. Uydurma şikayətlər sosial şəbəkələrdəki səhifələrimizdə yeni yazıların paylaşılmasına blok qoyulmasına da gətirib çıxarıb.
“Basta”nın orta hesabla gündəlik 10 minə yaxın oxucusu olur. Ölkədə canlanma olanda oxucuların sayı da artır. Elə gün olub ki, saytı 34 min oxucu izləyib. Saytın “Facebook” səhifəsinin 97 min abunəçisi var. 100 mindən artıq istifadəçi isə səhifəmizi bəyənib. Başqa sosial şəbəkələrdə də kifayət qədər auditoriya toplamış səhifələrimiz var. Hücumlar nəticəsində oxucularımız “Basta”nın yazılarını sosial şəbəkələrdə oxumaq və paylaşmaq imkanından məhrum olublar.
Göründüyü kimi, hərtərəfli hücuma məruz qalmışıq. “Basta”ya əvvəllər də hücumlar olub. Amma bu dəfə hücumlar miqyasına görə əvvəlkilərdən qat-qat artıqdır. Artıq dörd gündür ki, saytımız işləmir.
– Saytın məlumat bazasını qoruya bilmisizmi?
– Hazırda informasiya texnologiyaları üzrə mütəxəssislər arxivimizin bir hissəsini bərpa etməyə çalışırlar. Neçə gündür ki, proqram təminatı ilə məşğul olan əməkdaşlar saytın bərpası ilə məşğuldurlar. Düşünürəm ki, yaxın günlərdə saytın fəaliyyətini, o cümlədən arxivin bir hissəsini bərpa etmək mümkün olacaq. Amma müəyyən hissə silinib.
– Hücumlara görə hansısa qurumlara şikayət etmisizmi?
– “Basta”nın xaricdə fəaliyyət göstərən hostinq xidmətinə və sosial şəbəkələrin rəhbərliklərinə müraciətlər ünvanlamışıq.
– Ölkəmizin dövlət qurumlarına necə?
– Vəkillərimizlə bu istiqamətdə məsləhətləşmələr aparırıq. Onlar məsləhət bilsələr, yerli hüquq mühafizə orqanlarına müraciət edəcəyik. Hüquqşünaslar bizə yaradılan problemi cinayət hesab edirlər.
– Hücumlarda məqsəd nədir – məlumatınız, yaxud ehtimalınız varmı?
– Bu hücumlar söz azadlığına qarşı yönəlib. Fikrimcə, hakimiyyət ölkədə aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkisi ərəfəsində siyasi senzuranı gücləndirməyə çalışır. Bizim maddi imkanımız olmadığına görə hücumlardan texniki baxımdan qorunmaq üçün lazımi proqram təminatı paketlərini ala bilməmişik. Belə paketlər bizdən ötrü çox bahadır. Ona görə də “Basta”ya hücum təşkilatçıların istəyinə uyğun nəticələnib. Növbəti dönəmdə belə hücumların qarşısını almaq üçün hüquqi müstəvidə addımlar atacaq, eyni zamanda texniki müdafiə tədbirlərini gücləndirmək üçün dostlarımıza müraciət edəcəyik.
– Hazırda saytda iş tam dayanıb?
– Yaradıcı fəaliyyət tam dayanıb. Amma texniki xidməti həyata keçirən əməkdaşlarımız demək olar üç gecədir yatmır, saytın bərpasına çalışırlar.
– Hücumlar nəticəsində sizə dəymiş ziyanı maddi baxımdan hesablaya bilmisizmi?
– Bizim “Basta”dan gəlirimiz yoxdur. Heç kimdən pul, yaxud qrant almırıq. “Basta” Azərbaycanda söz azadlığına xidmət göstərməyə hazır olan insanların təmənnasız yaratdığı bir informasiya resursudur. “Basta” öz prinsipial mövqeyi ilə seçilir. Azərbaycanda bir neçə media orqanından biridir ki, ölkədəki korrupsiya ilə bağlı beynəlxalq araşdırmaları dərc edir, hakimiyyətin ən yüksək nümayəndələri haqqında tənqidi materiallara yer verir, siyasi məhbuslar məsələsini gündəmdə saxlayır, tək Müsavat Partiyasına yox, real müxalif partiyalara, təşkilatlara informasiya dəstəyi verir. Hazırkı hücumların səbəbi də məhz siyasi amillərdir.
Töhfə Əzimova