Prezident İlham Əliyev bir çox sosial müavinəti artıran sərəncamlar imzalayıb.
Novator.az-ın məlumatına görə, bir neçə müavinətin məbləği 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.
Bura aylıq müavinətlərdən yaşa görə müavinət (60 manatdır); əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinət (I qrup əlillərə 67 manat, II qrup əlillərə 50 manat, III qrup əlillərə 43 manatdır, əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” səbəbindən baş verdikdə I qrup əlillərə 83 manat, II qrup əlillərə 66 manat, III qrup əlillərə 60 manatdır, əlillik “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə I qrup əlillərə 77 manat, II qrup əlillərə 66 manat, III qrup əlillərə 50 manatdır); sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət (67 manatdır); ailə başçısını itirməyə görə müavinət (55 manatdır); əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət (45 manatdır); müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət (55 manatdır); valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət (50 manatdır); bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət (45 manatdır); bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət (şəhid uşaqlarına 17 manat, müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına 12 manatdır) daxildir.
Birdəfəlik müavinətlər bunlardır: radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət (195 manatdır); uşağın anadan olmasına görə müavinət (90 manatdır); dəfn üçün müavinət (120 manatdır).
Dövlət başçısının digər sərəncamları ilə beşdən çox uşağı olan qadınlara müavinətin (30 manatdır) məbləği, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin (40 manatdır) məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılır. Bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 44 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 27,5 manat miqdarında müəyyən edilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, bu üç sərəncam ümumilikdə 560 minə yaxın insana şamil olunacaq. Qeyd olunan sosial müavinətlərə artımın edilməsi üçün dövlət büdcəsindən ilin sonunadək təqribən 23,2 milyon manata, Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən 1,7 milyon manata qədər əlavə vəsaitin ayrılacaq.
Prezident həmçinin doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələri üçün təqaüdlərin aylıq məbləğini martın 1-dən 10 faiz artırıb. Hazırda doktorantlar 120-220 manat, ali məktəb tələbələri 50-120 manat, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri 35-50 manat arası təqaüd alırlar.
Ali məktəb tələbələri üçün prezident təqaüdünün (165 manatdır) aylıq məbləğinə də 10 faiz artım şamil olunur.