Ermənistan parlamentindəki hakim fraksiya Armen Sərkisyanı rəsmən prezidentliyə namizəd irəli sürüb. Novator.az bildirir ki, fraksiyaya Respublika Partiyası (105 mandatdan 58-nə sahibdir) və Daşnaksütun Partiyası (7 mandatı var) daxildir.
Armen Sərkisyan 1953-cü ildə Yerevanda anadan olub. 1992-1995-ci, 1998-2000-ci illərdə Ermənistanın Böyük Britaniyada səfiri olub. 2013-cü ildən yenidən bu ölkədə səfirdir.
O, müxtəlif illərdə Ermənistanı Avropa İttifaqında, Belçika, Niderland, Lüksemburq və Vatikanda səfir kimi təmsil edib. 1996-cı ilin noyabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub.
Armen Sərkisyanın namizədliyi Respublika Partiyasının sədri, hazırkı dövlət başçısı Serj Sərkisyanın təklifidir.
2008-ci ildən Ermənistan dövlətinə başçılıq edən Serj Sərkisyanın prezident postunda səlahiyyət müddəti 2018-ci il aprelin 9-da başa çatır. Həmin gün ölkə tam parlament idarə üsuluna keçəcək, icra hakimiyyətinə baş nazir rəhbərlik edəcək. Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament 1-10 mart aralığında seçməlidir. Prezident 7 illiyə seçiləcək.
Konstitusiyaya görə, prezidentliyə namizədi deputatların ən azı dörddə biri (27 deputat) irəli sürür.
Parlament üzvlərinin dörddə üçünün (79 deputat) səsini toplayan şəxs prezident seçilir.
Birinci turda prezidenti seçmək mümkün olmasa, bütün namizədlərin iştirakı ilə ikinci tur keçirilir. Bu zaman prezident seçilmək üçün parlament üzvlərinin beşdə üçünün (63 deputat) səsi gərəkdir.
Prezidenti ikinci turda da seçmək mümkün olmasa, ikinci turda ən çox səs toplamış iki namizədin iştirakı ilə üçüncü tur keçirilir. Üçüncü turda prezident seçilmək üçün deputatların yarıdan çoxunun (53 səs) səsini toplamaq lazımdır.
Bir şəxsin yalnız bir dəfə prezident seçilmək hüququ var. Səlahiyyət müddətində prezidentin partiya üzvü olması qadağandır.
Ermənistan parlamentindəki müxalif “Çıxış” bloku prezidentliyə deputat Artak Zeynalyanın namizədliyi ilə gedir.
Artak Zeynalyan 1969-cu ildə Yerevanda anadan olub. Cərrahdır.
1998-2001-ci illərdə səhiyyə nazirinin müavini olub. Bəzi hüquq müdafiə təşkilatlarında çalışıb.
31 mandatı olan Sarukyan blokunun seçkidə necə iştirak edəcəyi dəqiqləşməyib.