Fevralın 21-də Gəncə İnzibati-İqtisadi Məhkəməsində Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərarın təsdiqlənməsi məsələsi üzrə ilkin baxış olub.
Sözügedən qərarı 2017-ci il noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti çıxarıb. Rəyasət Heyəti qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında qəbul etdiyini açıqlayıb. Penitensiar Xidmətin şikayətində bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.
Vəkillik fəaliyyətinə məhkəmə xitam verə bilər. Ona görə də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Yalçın İmanovu vəkillikdən uzaqlaşdırmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə baxışına qədər isə, Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarına əsasən, Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.
Gəncə İnzibati-İqtisadi Məhkəməsində işə hakim Rəşad Mamedovun sədrliyi ilə baxılır.
Fevralın 21-i ilkin baxış zamanı Yalçın İmanov vəsatətlər verib. Onun ilk vəsatəti işin Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi barədə olub. Yalçın İmanov bildirib ki, indiyədək belə işlərə ümumi məhkəmələrdə baxılıb: “Mən uzun illərdir Sumqayıt şəhərində yaşayıram və oradakı hüquq məsləhətxanasında fəaliyyət göstərirəm. Vəkillər Kollegiyasının iddiası İnzibati-Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia növlərinin heç birinə aid olmadığına görə inzibati məhkəmədə baxıla bilməz”.
Vəkillər Kollegiyasının təmsilçisi vəkil Bəylər Məmişov vəsatətə etiraz edib və hakim vəsatəti təmin etməyib.
İkinci vəsatətində Yalçın İmanov bildirib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu iş üzrə iddiaçı ola bilməz. Çünki hüquqi şəxsin adı Vəkillər Kollegiyasının Rəyasət Heyəti yox, Vəkillər Kollegiyasıdır. Hakim bu vəsatəti də təmin etməyib.
Yalçın İmanov bəzi sənədlərin (Penitensiar Xidmətin 10 avqust 2017-ci il şikayəti və mediadan çıxarışlar, Vəkillərin İntizam Komissiyasının 9 sentyabr 2017-ci il rəyi, komissiyanın rəyə əlavəsi, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarı və həmin tarixdə keçirilmiş iclasın stenoqramı) ona verilməsi barədə də vəsatət qaldırıb. Hakim vəsatəti qismən təmin edib və sənədlərin bəzisi Yalçın İmanova verilib.
Bundan sonra Yalçın İmanov Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvi barədə qarşılıqlı iddia verib. Eyni zamanda o, iddiasına bir ərizə əlavə edib. Həmin ərizəsində Yalçın İmanov Rəyasət Heyətinin qərarındakı bir hissənin – onun vəkillik fəaliyyətinin dərhal dayandırılması hissəsinin dayandırılmasını məhkəmədən xahiş edib. Yalçın İmanov bildirib ki, məhkəmə prosesi hələ uzun müddət sürə bilər və onun vəkillik fəaliyyətinin bu müddət ərzində, məhkəmə qərar çıxaranadək dayandırılması növbəti ədalətsizlikdir. Yalçın İmanov məhkəmədən Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarında əksini tapan, vəkillik fəaliyyətinin dərhal dayandırılmasına aid hissənin dayandırılmasını istəyib.
Hakim Rəşad Mamedov Yalçın İmanovun qarşılıqlı iddiasını icraata götürməyib. Amma onun iddiaya əlavə etdiyi ərizəyə növbəti iclasda baxılacağını söyləyib.
Məhkəmə baxışı martın 16-na təyin edilib.
Novator.az-ın məlumatına görə, ilkin baxış zamanı üzə çıxan əsas məqamlardan biri Vəkillər Kollegiyası Rəyasət Heyətinin hələ qərar qəbul etməzdən qabaq Vəkillərin İntizam Komissiyasının verdiyi rəyin sonradan dəyişdirilməsi olub.
İntizam Komissiyası Yalçın İmanovla bağlı rəyi 2017-ci il sentyabrın 9-da verib. Sentyabrın 19-da komissiyanın Yalçın İmanovun iştirakı ilə keçirilən iclasında rəy elan olunub. Rəydə bildirilib ki, vəkil Yalçın İmanovun intizam pozuntusuna yol verdiyi müəyyən edilməyib. Lakin Gəncə İnzibati-İqtisadi Məhkəməsində ilkin baxış zamanı aydın olub ki, bu rəy sonradan dəyişdirilib və məhkəməyə Yalçın İmanovun bir vəkil kimi intizam pozuntusuna yol verdiyi barədə rəy təqdim olunub.
Kollegiyanın təmsilçisi Bəylər Məmişov məhkəmədə Yalçın İmanovun sualına cavab olaraq deyib ki, sentyabrın 9-da yazılmış rəy ilkin rəy olub və sonradan dəyişdirilib. Vəkillər Kollegiyası Rəyasət Heyətinin məhkəməyə təqdim etdiyi iddia ərizəsinə əlavə edilən sənədlərdə isə rəyin dəyişdirilməsi 9 sentyabr tarixli rəyin “rəy layihəsi” olması kimi əsaslandırılıb. Yəni məsələ belə qələmə verilib ki, sentyabrın 9-da yazılan, həmin ayın 19-da Yalçın İmanova elan edilən rəy yox, rəy layihəsi imiş.
Yalçın İmanov isə bunu qanunsuzluq, saxtakarlıq kimi qiymətləndirir. O deyir ki, sentyabrın 19-da ona layihə yox, rəy elan edilib: “İkincisi, bu, rəy yox, layihə olubsa, onda nə üçün İntizam Komissiyasının məhkəməyə fərqli məzmunda təqdim olunan rəyi də 9 sentyabrda imzalanıb?”
Yalçın İmanov bildirir ki, ilkin baxış zamanı o, İntizam Komissiyasının 9 sentyabr rəyinə əlavə yazdığını görüb. Rəyə əlavə 2017-ci il sentyabrın 20-də yazılıb. Rəyə əlavədə bildirilir: “Vəkillərin İntizam Komissiyasının 19 sentyabr 2017-ci il tarixdə keçirilmiş iclasında qeyd edilən layihə vəkil Yalçın İmanovun iştirakı ilə müzakirə edilmişdir. İclasın qərarına əsasən rəy layihəsinin nəticə hissəsi intizam işinin materiallarına uyğun olmadığı üçün layihədən çıxarılmış, buna əsasən müvafiq dəyişiklik edilərək rəy tərtib olunub təsdiq edilmişdir”.
Rəyin dəyişdirildiyini vurğulayan Yalçın İmanov hesab edir ki, İntizam Komissiyasının rəyə yazdığı əlavə əslində bu saxtakarlıq aksiyasının rəsmi sübutudur.
Vəkillər Kollegiyası hələ ki, Yalçın İmanovun dediklərinə münasibət bildirməyib.