Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov “Şöhrət” ordeni ilə təltif olunub. Sərəncamı fevralın 21-də prezident İlham Əliyev imzalayıb. Təltif Saleh Məmmədovun yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətləri ilə əsaslandırılıb.
60 yaşlı Saleh Məmmədov bu quruma “Azəryolservis” ASC adlanan vaxtdan, 2015-ci ilin dekabr ayından rəhbərlik edir.
Novator.az bildirir ki, nizamnaməsinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.
Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir. İdarə Heyətinin tərkibi prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və iki sədr müavinindən ibarətdir.
Prezident İlham Əliyevin 21 fevral sərəncamı ilə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə başqa şəxslər də təltif edilib. Ağayev Asif Hüseyn oğlu, Astanov Şükür İsmayıl oğlu, Atakişiyev Rəşid Məmi oğlu, Babaşov Əliqulu Məmmədqulu oğlu, Əhmədov Ərrəhman Mustafa oğlu, Əzimov İlham Əli oğlu, Hacıyev Mədəd Əlif oğlu, Həsənov Elman Qurbanəli oğlu, İbrahimov Yaşar Abbas oğlu, Qurbanov Cabir Ələsgər oğlu, Mehdiyev Natiq Mürşüd oğlu, Mehtiyev Gündüz Həşim oğlu, Pənahov Əlikrəm Adil oğlu, Salmanov Hüseyn Yusif oğlu, Savzixanov Əsədulla Savzixanoviç, Süleymanov Şahin Şahbaz oğlu, Şamxalov Şahin İbrahimxəlil oğlu, Şıxəliyev İkram Əli oğlu, Şirinov Əliheybət Balakişi oğlu “Tərəqqi” medalı alıblar.