Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş idarə və idarə rəisləri olmuş general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natəvan Mirvətova, eləcə də həmin idarələrin digər zabitləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.
“Report”un məlumatına görə, fevralın 22-də Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən Sübahir Qurbanov və Teymur Quliyevin hər birinin 16 il, Füzuli Əliyevin 15 il, Zaur Məmmədov və Natiq Alıyevin hər birinin 14 il, Natəvan Mirvətovanın 12 il, Elşad Əzizovun 8 il, Fərhad Atayev, Anar Şirəliyev və Eşqin Əliyevin hər birinin 7 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.
Daha sonra dövlət ittihamçısı təqsirləndirilən şəxslərin rütbədən azad edilməsi üçün aidiyyəti instansiyalara təqdimat göndərilməsini, zərərçəkmişlərin mülki iddiaları ilə bağlı qanuna uyğun qərar verilməsini, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin təqsirləndirilən şəxslərə qarşı 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə edilməsini istəyib.
Müdafiə tərəfinin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyiblər.
Novbəti məhkəmə prosesi martın 1-nə təyin olunub.
Adıçəkilən MTN zabitləri 2015-ci ilin payızında məsuliyyətə cəlb olunublar. Onlar Cinayət Məcəlləsinin qanunsuz azadlıqdan məhrum etmə, külli miqdarda əmlak ələ keçirmək məqsədilə hədə-qorxu yolu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və digər maddələri ilə təqsirli bilinirlər.
Natəvan Mirvətovanı çıxmaq şərtilə təqsirləndirilən şəxslərin hamısı barəsində həbs qətimkan tədbiri seçilib.
Fevralın 22-də prokuror Bakı Hərbi Məhkəməsində çıxış edərkən Natəvan Mirvətovanın məhkəmə zalında həbs edilməsi tələbini də qoyub.
2015-ci ildə MTN-in tutulan başqa zabitlərinin məhkəməsi bundan əvvəl yekunlaşıb. Bütün işlərə Bakı Hərbi Məhkəməsində baxılıb.
2015-ci ildəki həbslərdən bir neçə ay sonra, ilin sonunda Milli Təhlükəsizlik Nazirliyi ləğv olunub, yerində Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.