Dövlət Statistika Komitəsi turizmlə bağlı yeni hesabat yayıb. Novator.az-ın məlumatına görə, qeyd olunur ki, 2018-ci ilin yanvarında Azərbaycana 138 ölkədən 186,2 min və ya ötən ilin eyni ayı ilə müqayisədə 16,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,7 faizi Rusiya, 24,5 faizi Gürcüstan, 13 faizi Türkiyə, 7,2 faizi İran, 4,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,2 faizi Ukrayna, 1,7 faizi İraq, 16,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi vətəndaşlığı olmayan şəxslərdir.
Ötən ilin yanvar ayı ilə müqayisədə ölkəyə gələn Küveyt vətəndaşlarının sayı 6,4 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,9 dəfə, Qətər vətəndaşlarının sayı 2,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,6 dəfə, Oman vətəndaşlarının sayı 2,1 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,5 dəfə, İraq vətəndaşlarının sayı 1,5 dəfə artıb.
İrandan gələnlərin sayında 5,3 faiz azalma qeydə alınıb.
Körfəz ölkələrindən gələnlərin ümumi sayı 35,2 faiz artaraq 32,9 min nəfər olub.
2018-ci ilin yanvar ayında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7 faiz azalaraq 5,8 min nəfərə düşüb, MDB ölkələrindən gələnlərin sayı 6,9 faiz artaraq 67,3 min nəfərə çatıb.
2017-ci ilin yanvar ayına nisbətən xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 3 faiz azalaraq 299,3 min nəfərə enib. Ölkə vətəndaşlarının 32,6 faizi Gürcüstana, 23,8 faizi İrana, 23,4 faizi Rusiyaya, 12,5 faizi Türkiyəyə, 1,9 faizi Ukraynaya, 1,5 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 4,3 faizi isə digər ölkələrə səfər edib.