Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxs üçün prezident təqaüdünün aylıq məbləği artırılıb. Dövlət başçısı İlham Əliyevin fərmanı ilə martın 1-dən təqaüdün məbləği 1500 manat müəyyən edilir.
Novator.az bildirir ki, hazırda Milli Qəhrəman adı verilmiş şəxsə 1300 manat təqaüd verilir. Milli Qəhrəman adı ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə prezident təqaüdü həmin şəxslərin bu ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənir: Milli Qəhrəman adı verilmiş şəxsin dul arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, bu kateqoriyalardan ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, bununla bağlı birinci növbədən olan digər qohumları yoxdursa, baba və nənələrinə.
Azərbaycanın Milli Qəhrəmanı adı 1992-ci il martın 25-də təsis edilib. Əsasnaməsinə görə, Milli Qəhrəman ölkənin ən yüksək fərqlənmə dərəcəsidir, Azərbaycanın müstəqilliyi, tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. Milli Qəhrəmana səkkizguşəli “Qızıl Ulduz” medalı və fərman təqdim edilir. Eyni şəxs Milli Qəhrəman adını bir dəfə ala bilər.
İlham Əliyevin digər sərəncamları ilə martın 1-dən əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara; Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə; 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) verilən prezident təqaüdünün aylıq məbləği 10 faiz artırılır.