Fevralın 21-i Bakı Apellyasiya Məhkəməsində Qiyas İbrahimov və atası Həsən İbrahimovun şikayəti üzrə proses başa çatıb. APA-nın məlumatına görə, hakim Rizvan Səfərovun sədrlik etdiyi iclasda şikayətin təmin edilmədiyi bəyan olunub.
Ötən il dekabrın 18-də Yasamal Rayon Məhkəməsi hazırda həbsdə olan Qiyas İbrahimovun cəzasını 3 ay artırıb. Həsən İbrahimov isə 1 il 6 ay müddətinə islah işlərinə məhkum edilib. Həmin müddətdə onun aylıq qazancının 20 faizi tutulacaq.
Qiyas və Həsən İbrahimovlar məhkəməyə hörmətsizlikdə təqsirli biliniblər.
Novator.az bildirir ki, gənc fəal Qiyas İbrahimov 2016-cı il mayın 10-dan həbsdədir. Həmin il oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu külli miqdarda narkotik vasitə saxlamaqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib.
Müdafiəçiləri Qiyas İbrahimovun və onunla birgə tutularaq eyni ittihamla 10 il müddətinə azadlıqdan məhrum edilən gənc fəal Bayram Məmmədovun həbsini siyasi sifariş sayırlar. Onlar bildirirlər ki, 2016-cı il mayın 10-na keçən gecə Heydər Əliyevin Bakının mərkəzindəki abidəsinə etiraz şüarları yazılıb, gənclər bu şüarlara görə tutulublar.
Həbsdə olduğu vaxt Qiyas İbrahimova, eyni zamanda atası Həsən İbrahimova məhkəməyə hörmətsizlik ittihamı ilə cinayət işinin açılmasına səbəb ötən il iyunun 5-də Bakı Apellyasiya Məhkəməsində baş vermiş hadisədir. Həmin gün məhkəmə Qiyas İbrahimovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi şikayəti təmin etmədikdə işə baxan hakimlərlə gənc fəal və onun atası arasında insident baş verib.
Bakı Apellyasiya Məhkəməsinin hakimləri məhbusun və onun atasının məhkəmə zalında işlətdiyi ifadələri məhkəməyə hörmətsizlik kimi qiymətləndirərək Ədliyyə Nazirliyinə təqdimat veriblər. Nazirliyin İstintaq İdarəsində Qiyas və Həsən İbrahimovlara cinayət işi başlanıb, sonra iş Yasamal Rayon Məhkəməsinə göndərilib.