Azərbaycanın Səhiyyə Nazirliyi hipertoniya xəstəliyi ilə bağlı bilgi yayıb. Qeyd olunur ki, xəstəliyin əsas simptomu arterial təzyiqin qalxmasıdır. Buna səbəb arterial təzyiqi tənzimləyən neyrohumoral mexanizmlərdə pozulmalardır.
Hipertoniya xəstəliyi qadınlar və kişilər arasında 40 yaşından sonra, eyni nisbətdə rast gəlinir. Sistolik arterial təzyiq 140 mm.cst və daha çox, diastolik arterial təzyiq 90 mm.cst və daha çox olan hala arterial hipertenziya deyilir. Arterial hipertenziya gündəlik təcrübədə yüksək qan təzyiqi termini kimi də işlədilir.
Hipertoniya xəstəliyini simptomatik arterial hipertenziyadan fərqləndirmək lazımdır. Simptomatik arterial hipertenziya hər hansı bir xəstəliyin simptomu kimi meydana çıxır. Simptomatik arterial hipertenziya daha çox böyrək xəstəlikləri böyrək arteriyalarının okklüzion zədələnməsi bəzi endokrin xəstəliklər, aortanın koarktasiyası, aorta və onun iri şaxələrinin aterosklerozu zamanı müşahidə olunur.
Hipertoniya xəstəliyinin yaranmasının əsas səbəbi həddindən artıq sinir gərginliyidir. Bu xəstəliyə ağır psixi travmalar keçirən, uzunmüddətli və güclü stressə məruz qalan, yuxu və istirahət rejimini pozanlarda çox rast gəlinir.
Hipertoniya xəstəliyinə qeyri-düzgün həyat tərzi, siqaret, spirtli içki, xörək duzunun artıq miqdarda istifadəsi endokrin sistem funksiyasının yaşla əlaqədar dəyişilməsi təkanverici amillərdir.
Hipertoniya xəstəliyi zamanı kompleks terapiya aparılmalı, ilk növbədə əmək və istirahət rejimi, yuxu normallaşmalı, siqaretdən imtina edilməli, müalicəvi gimnastika ilə məşğul olunmalıdır.
Medikamentoz müalicədə isə hiptenziv preparatlar: adrenoblokatorlar, diuretiklər, angiotenzin çevirici ferment ingibitorları, angiotenzin reseptorlarını blokatorları, kalsium antoqonistləri istifadə olunur.
Qidalanmaya gəldikdə, qidanın miqdarı və qidalanma arasındakı müddət mütləq nəzərə alınmalıdır. Gün ərzində 3-4 dəfə qidalanma tövsiyə olunur. Birinci səhər yeməyi sutkalıq kalorinin 25 faizini, ikinci səhər yeməyi 15 faizini, nahar 30 faizini, şam 20 faizini təşkil etməlidir. Yatmazdan əvvəl süd turşulu içkilər, meyvə şirələrinin qəbulu məsləhətdir. Qəbul edilən qidaların çoxçeşidliliyinə diqqət yetirilməlidir. Hər gün eyni qida qəbulu yeməkdən alınan həzzi azaldır, iştahanı öldürür, qidalanma vərdişinə mənfi təsir göstərir. Tam və mükəmməl qidanı heç bir dərman preparatı əvəz etmir. Doyma mərkəzi beyində yerləşdiyinə görə qida ağızda yaxşı çeynənməli, tələsik qəbul olunmamalıdır.
Hər gün 2,5 litrdən 3 litrə qədər su içmək lazımdır. Su həm qida və təmizləyici, həm də orqanizmdə gedən bütün maddələr mübadiləsinin ayrılmaz hissəsidir. Su o cümlədən bədən temperaturunu tənzimləyir, həzm prosesini asanlaşdırır, zərərli maddələrin orqanizmdən xaric olmasına kömək edir. Səhər yataqdan qalxan zaman bir stəkan su içməkdə fayda var. Su yeməkdən yarım saat əvvəl içilməlidir. Yemək əsnasında və yeməkdən dərhal sonra su içmək məsləhət deyil.
Qida rasionunda 5 əsas tərkib hissəyə ehtiyac duyulur: zülallar, yağlar, karbohidratlar, vitaminlər və mineral maddələr.
Zülallar insan bədənin 10 faizdən çox hissəsini təşkil edir, heyvan və bitki mənşəli məhsullarda – kəsmik, süd, yumurta pendir, yağsız ət, qoz və paxlalılarda olur.
Karbohidratlar enerjinin əsas mənbəyidir, ağ və qara çörəkdə, meyvə və giləmeyvədə, düyüdə, kartofda zəngindir.
Yağlar doymuş və doymamış olur. Doymuş yağlar heyvan mənşəli ərzaqlarda (kərə yağı, qaymaq), doymamış yağlar isə əsasən bitki mənşəli ərzaqlarda, qozda olur. Rasionda doymuş yağların çox miqdarda olması ürək, damar xəstəliklərinin yaranmasına gətirib çıxarır.
İnsan orqanizmində 40-a yaxın vitamin və mineral maddə var. Onların çatışmazlığı bir çox xəstəliklərin yaranmasına səbəb olur. Dəmir anemiyanın profilaktikasında vacib rol oynayır və çatışmazlığı qan azlığı yaradır. Yod azlığı qalxanvarı vəzdə, eləcə də uşaqlarda əqli inkişafdan geri qalma, hamilə qadınlarda uşaq salma, lal, kar, kor uşaqların doğulmasına səbəb olur. Dəniz məhsulları, qoz yodla zəngindir.
Eləcə də “A” vitamini çatışmazlığı toyuq korluğu, “D” vitamini çatışmazlığı raxit, “C” vitamini çatışmazlığı sinqa xəstəliyinin yaranmasına səbəb olur.