Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni artım sənədləri ilə bağlı açıqlama yayıb.
Fevralın 20-də Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxs üçün prezident təqaüdünün aylıq məbləği artırılıb. Dövlət başçısı İlham Əliyevin fərmanı ilə martın 1-dən təqaüdün məbləği 1500 manat müəyyən edilir.
İlham Əliyevin sərəncamları ilə martın 1-dən əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara; Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə; 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) verilən prezident təqaüdünün aylıq məbləği 10 faiz artırılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxs üçün prezident təqaüdünün artımına dövlət büdcəsindən ilin sonunadək 360 min manat əlavə vəsait ayrılacaq.
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) prezident təqaüdünün artırılması üçün dövlət büdcəsindən ilin sonunadək 29,5 min manat əlavə vəsaitin ayrılması təmin ediləcək.
“Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara prezident təqaüdünün artırılması üçün dövlət büdcəsindən ilin sonunadək 1,5 milyon manat əlavə vəsait gedəcək.
Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün prezident təqaüdünün artırılması 61 nəfərə şamil olunacaq. Sərəncamla müvafiq artımın edilməsi məqsədilə dövlət büdcəsindən ilin sonunadək 12,2 min manat əlavə vəsaitin ayrılması nəzərdə tutulur.