Mərkəzi Seçki Komissiyası 2018-ci ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə qərar çıxarıb.
Qanuna görə, seçki məntəqəsi üzrə tərtib olunmuş ilkin seçici siyahıları hər il fevralın 5-dən gec olmayaraq dairə seçki komissiyasına, seçki dairələri üzrə ilkin seçici siyahıları isə aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim edilir. May ayının 30-dan gec olmayaraq həmin siyahılar dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək ictimailəşdirilməlidir.
Seçki Məcəlləsinin başqa bir tələbinə əsasən, səsvermə gününə azı 25 gün qalmış dəqiqləşdirilməli olan siyahılar seçicilərə bu barədə məlumat verməklə səsvermə gününə azı 35 gün qalmış təqdim edilməlidir. Dövlət başçısının 5 fevral sərəncamı ilə prezident seçkisi aprelin 11-nə təyin edildiyindən seçici siyahıları ilə bağlı müddətlərə yenidən baxılmasına ehtiyac yaranıb. Söhbət seçici siyahılarının mayın 30-dək təsdiq edilməsi tələbinin seçicilərin onlarla tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün səsvermə gününə azı 35 gün qalmış ictimailəşdirilməsi tələbi ilə uzlaşdırılmasından gedir.
Novator.az bildirir ki, Mərkəzi Seçki Komissiyasının 19 fevral qərarına görə, 2018-ci ilin daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsi martın 3-dək başa çatdırılmalıdır.
Seçki dairələri üzrə dəqiqləşdirilmiş seçici siyahılarının (təsdiq edilmə tələblərinə əməl olunmaqla) fevralın 25-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi tövsiyə olunub.
Martın 1-dən gec olmayaraq ölkə üzrə daimi seçici siyahılarının dəqiqləşdirilməsi və tərtib edilməsi işinə yekun vurulmalı və siyahılar martın 3-dək (dairə və məntəqələr üzrə təsdiq edilməsi üçün) müvafiq dairə seçki komissiyalarına göndərilməlidir.
Dairə və məntəqələr üzrə seçici siyahıları martın 7-dən gec olmayaraq seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün ictimailəşdiriləcək.
2013-cü ilin oktyabrında 5 il müddətinə prezident seçilmiş İlham Əliyevin səlahiyyət müddəti 2018-ci ilin oktyabr ayında başa çatırdı. Bu il oktyabrın 17-də növbəti prezident seçkisi keçirilməli idi.
Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə aprelin 11-nə növbədənkənar prezident seçkisi təyin edilib. Belə bir səlahiyyət prezidentə 2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə verilib. Başqa bir yenilik prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılmasıdır.
Mərkəzi Seçki Komissiyası indiyədək 13 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. İddiaçıların 6-sı müstəqil namizəddir: deputat Zahid Oruc, Tural Abbaslı, Anar Umudov, Asif Məmmədov, Elşən Həsənov, Ramazan Bəkirov.
Yeni Azərbaycan Partiyasından prezident İlham Əliyev, Sosial Demokrat Partiyasından deputat Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından deputat Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasından deputat Fərəc Quliyev, Liberal Demokrat Partiyasından Fuad Əliyev, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev, “Cəbhəçilərin təşəbbüs qrupu”ndan Razi Nurullayev namizəd göstərilib.