Armen Sərkisyan Ermənistan Respublika Partiyasından prezidentliyə namizəd olmağa razılaşıb.
1953-cü ildə Yerevanda anadan olan Armen Sərkisyan fizika-riyaziyyat elmləri namizədidir. Uzun illər Yerevan Dövlət Universitetində müəllim işləyib, bir müddət Böyük Britaniyanın Kembric Universitetində çalışıb.
Armen Sərkisyan 1992-1995-ci, 1998-2000-ci illərdə Ermənistanın Böyük Britaniyada səfiri olub. 2013-cü ildən yenidən bu ölkədə səfirdir.
O, müxtəlif illərdə Ermənistanı Avropa İttifaqında, Belçika, Niderland, Lüksemburq və Vatikanda səfir kimi təmsil edib.
1996-cı ilin noyabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub.
Respublika Partiyasından prezidentliyə namizədin Armen Sərkisyan olmasını partiya sədri, hazırkı dövlət başçısı Serj Sərkisyan təklif edib. Təklif yanvarın 18-də Respublika Partiyasının İcra Orqanında səsə qoyularaq rəsmiləşib.
Armen Sərkisyan yanvarın 19-da Serj Sərkisyanla görüşündə fikirləşmək üçün vaxt istəmişdi. Fevralın 16-da yenidən Serj Sərkisyanla bir araya gələn Armen Sərkisyan namizəd olmağa razılaşdığını bildirib. O, qərar qəbul etməzdən əvvəl müxtəlif siyasi partiyalarla, elmi və intellektual qurumlarla, ictimai təşkilatlarla, iş adamları, Dağlıq Qarabağ rəhbərliyi və diaspor nümayəndələri ilə məsləhətləşdiyini vurğulayıb.
Novator.az bildirir ki, 2008-ci ildən Ermənistan dövlətinə başçılıq edən Serj Sərkisyanın prezident postunda səlahiyyət müddəti 2018-ci il aprelin 9-da başa çatır. Həmin gün ölkə tam parlament idarə üsuluna keçəcək, icra hakimiyyətinə baş nazir rəhbərlik edəcək. Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament 1-10 mart aralığında seçməlidir. Prezident 7 illiyə seçiləcək.
Ermənistanda və ətraf ölkələrdə belə bir qənaət var ki, Serj Sərkisyan aprelin 9-dan sonra baş nazir kürsüsündə əyləşəcək.
Serj Sərkisyan əvvəllər – 2007-ci ilin aprelindən 2008-ci ilin aprelinədək Ermənistanın baş naziri olub. O, Respublika Partiyasına həmin dövrdən – 2007-ci ildən sədrlik edir.
Hazırda Respublika Partiyası Ermənistan parlamentində 105 mandatdan 58-nə sahibdir. Hökuməti bu partiya 7 mandatı olan Daşnaksütun Partiyası ilə birgə qurub.
Ermənistan parlamentindəki müxalif “Çıxış” bloku prezidentliyə namizədini daha əvvəl müəyyənləşdirib. Blok seçkiyə deputat Artak Zeynalyanın namizədliyi ilə gedir.