Fevralın 19-u Bakı Apellyasiya Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) işçisi Seymur Qarayev barəsində çıxarılan hökmdən şikayət üzrə hazırlıq iclası keçirilib.
Şikayəti qəza nəticəsində həlak olmuş Qarabağ müharibəsi veteranı Əli Əliyevin oğlu, zərərçəkmişin hüquqi varisi İmdad Əlizadə verib.
Novator.az bildirir ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin və zərərçəkmişin hüquqi varisinin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra İmdad Əlizadənin vəkili Abil Bayramov vəsatət qaldırıb. O, məhkəmə baxışının qismən istintaq aparılmaqla keçirilməsini istəyib. Vəsatət təmin edilməyib. Lakin hakim bildirib ki, iclaslar zamanı zərurət yaranarsa, məhkəmə qismən istintaqla keçiriləcək.
Məhkəmə prosesi martın 1-nə təyin edilib.
Xatırladaq ki, 2016-cı il fevralın 14-də AZAL-ın işçisi Seymur Vidadi oğlu Qarayev idarə etdiyi “GAC” markalı 99-AD-434 qeydiyyat nişanlı avtomobillə Bakının Ziya Bünyadov prospektində yolu piyada keçmək istəyən Laçın rayonunun Oğuldərə kənd sakini, Qarabağ müharibəsi veteranı Əli Əliyevi və Neftçala rayon sakini Əliəsgər Talıbovu vurub.
Əliəsgər Talıbov bir müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb.
Qəza anından koma vəziyyətinə düşən Əli Əliyev isə 504 gün ərzində paytaxtın müxtəlif klinikalarında müalicə olunub. Onun müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, “Avrasiya” hospitalında 59050 (mərhumun ailəsinin bu xəstəxanaya əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib.
Əli Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.
Müalicə xərclərindən əlavə onun dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub. Göstərilən məbləğlərlə bərabər zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən məhkəmədə 15000 manat kompensasiya tələb edib.
Cinayət işinə Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə Seymur Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib, heç yerə getməməklə bağlı polis nəzarəti qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb. Hökm apellyasiya şikayəti başa çatandan sonra qüvvəyə minəcək.
Hökmə əsasən, zərərçəkmişin hüquqi varisi İmdad Əlizadənin mülki iddiası qismən təmin edilib. Məhkəmə onun 166 min 531 manatlıq mülki iddiasından yalnız 23 min manatını (20 min maddi ziyana, 3 min mənəvi ziyana görə) təmin edib.
Hökmdən narazı qalan İmdad Əlizadə apellyasiya şikayəti verib. O, Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökmün dəyişdirilməsini, Seymur Qarayevin cəzasının ağırlaşdırılmasını istəyir. İmdad Əlizadə həmçinin mülki iddiasının tam olaraq təmin edilməsini tələb edir.
Tanınmış jurnalist İmdad Əlizadə Əli Əliyevin altı övladından biridir.
Əli Əliyev 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib.
Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Əli Əliyevin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün mühasirədə” adlı sənədli film çəkilib. Əli Əliyev həmçinin “54 gün erməni mühasirəsində” kitabının müəllifidir.