Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkisində daha bir siyasi qurum Yeni Azərbaycan Partiyasının namizədi, dövlət başçısı İlham Əliyevi dəstəkləyəcək.
Hakim partiya prezident İlham Əliyevi fevralın 8-də namizəd göstərib. Deputat Fəzail Ağamalının sədr olduğu Ana Vətən Partiyası 11 aprel seçkisində İlham Əliyevi müdafiə edir.
Fevralın 16-da Novator.az-a açıqlama verən Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli bildirib ki, seçkidə öz namizədləri olmayacaq və partiya İlham Əliyevi dəstəkləmək niyyətindədir: “Bu barədə rəsmi qərar fevralın 24-də veriləcək”.
Demokratik İslahatlar Partiyası (sədri deputat Asim Mollazadə) isə seçkiyə müşahidəçi kimi qatılacağını, yəni ayrıca namizədinin olmayacağını bəyan edib.
Novator.az-a açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu növbədənkənar prezident seçkisinə qatılmaqda maliyyə çatışmazlığı yaşadıqlarını deyib. Onun sözlərinə görə, partiya seçki ilə bağlı rəsmi qərarını fevralın 19-da elan edəcək.
Böyük Quruluş Partiyası da (başqanı deputat Fazil Mustafa) seçki ilə bağlı qərarını fevralın 19-da verməlidir.
Klassik Xalq Cəbhəsi Partiyasının (sədri Mirmahmud Mirəlioğlu) qərarı fevralın 17-də, Vətəndaş və İnkişaf Partiyasının (sədri Əli Əliyev) qərarı isə fevralın 18-də bəlli olacaq.
Aydınlar Partiyası (sədri Qulamhüseyn Əlibəyli) seçki ilə bağlı qərarını yaxın günlərdə elan edəcək.
Novator.az dövlət qeydiyyatında olan digər siyasi partiyaların da 11 aprel prezident seçkisinə münasibətinə nəzər salıb.
Azərbaycan Liberal Demokrat Partiyası sədri Fuad Əliyevi namizəd göstərib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası partiya sədri, deputat Qüdrət Həsənquliyevi, Azərbaycan Sosial Demokrat Partiyası partiya sədri, deputat Araz Əlizadəni namizəd verib.
Müasir Müsavat Partiyası seçkiyə partiya sədri Hafiz Hacıyevin, Milli Dirçəliş Hərəkatı Partiyası partiya sədri, deputat Fərəc Quliyevin namizədliyi ilə gedir.
Vahid Azərbaycan Partiyası 2016-cı ilin iyununda qurultay keçirərək adını dəyişib. Ağ Partiya elan edilən təşkilat Ədliyyə Nazirliyində qeydiyyata alınmayıb. Partiyanın başqanı Tural Abbaslı müstəqil namizəddir.
Milli İstiqlal Partiyası, Müsavat Partiyası, Ümid Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Liberal Partiyası, Ədalət Partiyası seçkidə iştirak etmir.
Bu həftə Mərkəzi Seçki Komissiyası 11 aprel prezident seçkisinə qatılmış 5 nəfərin namizədliyini təsdiqləyib. Onların 2-si partiya namizədi (İlham Əliyev və Fuad Əliyev), 3-ü müstəqil iddiaçıdır (Tural Abbaslı, deputat Zahid Oruc, hüquqşünas Anar Umudov).
2013-cü ilin oktyabrında 5 il müddətinə prezident seçilmiş İlham Əliyevin səlahiyyət müddəti 2018-ci ilin oktyabr ayında başa çatırdı. Bu il oktyabrın üçüncü həftəsinin çərşənbə günü – ayın 17-də növbəti prezident seçkisi keçirilməli idi.
Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə aprelin 11-nə növbədənkənar prezident seçkisi təyin edilib.
2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılıb. Başqa bir yenilik konstitusiyanın 101-ci maddəsinə edilib. 101-ci maddənin yeni redaksiyasına əsasən, dövlət başçısı növbədənkənar prezident seçkisi elan edə bilər.
Töhfə Əzimova