Prezident: “Yalnız bu halda uğur qazana bilərik”
- 16 Fevral 2018
- comments
- Novator.az
- Posted in Xəbər
“20 ildən çoxdur Cənub Qaz Dəhlizinin həyata keçirilməsi istiqamətində irəliləyirik. Bu 20 il uğur, nailiyyətlər, inkişaf, transformasiya və regional əməkdaşlıq illəri olub”. Prezident İlham Əliyev fevralın 15-i Bakıda, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında belə deyib.
Dövlət başçısı xatırladıb ki, 2015-ci ildə Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə çıxış edib: “Çünki biz səylərimizi əlaqələndirməyə böyük ehtiyacın olduğunu aydın başa düşürdük. Əvvəlki illərdə Azərbaycan qonşu ölkələr olan Gürcüstan və Türkiyə ilə birlikdə mühüm enerji layihələri həyata keçirib. Lakin bu dəfə daha çox ölkə və şirkət cəlb olunmuşdu, ona görə də bizim əlaqələndirməyə, maksimum səmərəliliyə ehtiyacımız var idi. Mən çox şadam ki, Avropa Komissiyası bu təşəbbüsü dərhal dəstəklədi.
Biz artıq dördüncü dəfədir görüşürük. Bu əməkdaşlıq formatı artıq səmərəli olduğunu və çox yaxşı nəticələrə yol açacağını sübut edib. Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın indiyədək çox uğurlu olan və Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biridir. Biz enerji ehtiyatlarından istifadə edərək qeyri-neft sektoru, insan kapitalı və infrastruktura investisiya yatırmışıq, bununla da iqtisadiyyatımızın uzunmüddətli davamlı inkişafını təmin etmişik. Sözsüz ki, bizim əvvəlki illərdə Azərbaycanda həyata keçirdiyimiz layihələr Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün güclü bünövrə yaradıb. Bizim enerji strategiyamız müstəqilliyimizin bərpasından bir qədər sonra başlanıb və artıq 3 il sonra – 1994-cü ildə Azərbaycan BP-nin rəhbərliyi ilə dünyanın aparıcı neft şirkətləri konsorsiumu ilə müqavilə imzaladı və layihənin və investisiyaların həcmini nəzərə alaraq bu müqavilə dərhal “Əsrin müqaviləsi” adını aldı. Ötən ilin fevralında Bakıda sonuncu görüşümüzdən sonra keçən dövr ərzində biz eyni yataqla bağlı “Əsrin müqaviləsi”nin uzadılmasına dair yeni müqavilə imzaladıq. Hazırda layihənin müddəti 2050-ci ilədək uzadılıb. Qarşıdakı onilliklər ərzində biz dünyanın ən böyük neft yataqlarından biri olan “Azəri-Çiraq-Günəşli”də sabit və davamlı inkişafdan faydalanacağıq”.
İlham Əliyev 2007-ci il də Azərbaycanın ilk dəfə qaz ixracatçısı olduğunu xatırladıb: “Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışından sonra bizim qazımız Gürcüstan və Türkiyə bazarlarına ixrac olunmağa başladı və bu, “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi və Cənub Qaz Dəhlizi layihəsi üçün bünövrə yaratdı. Biz “Şahdəniz” yatağının işlənməsinin yeni mərhələsi üçün yeni imkanların yaradılması yollarını müzakirə edirik. Əlbəttə ki, bizim qazımızı Türkiyə və Avropaya ixrac etmək üçün diametri daha böyük olan kəmərə ehtiyacımız var idi və 2012-ci ildə İstanbulda Azərbaycan və Türkiyə Trans-Anadolu – TANAP kəmərinin tikintisi üzrə tarixi sənəd imzaladı. Düşünürəm ki, bu tarix regional inkişaf, əməkdaşlıq bizim ölkələrimiz üçün iqtisadi faydalara güclü təsir göstərəcək. Çünki bu da müasir tarixdə dönüş nöqtəsi oldu. TANAP Cənub Qaz Dəhlizinin fundamental elementlərindən biridir və 2012-ci il faktiki olaraq “Şahdəniz-2”yə əsas investisiyalara qapı açdı. Çünki bundan sonra – 2013-cü ildə “Şahdəniz-2”yə investisiya yatırmaqla bağlı qərar qəbul olundu. TANAP olmadan bu, mümkün olmazdı. 2013-cü il Trans-Adriatik kəmərinin TANAP layihəsinin davamı kimi seçildiyi il oldu. Beləliklə, bu, görülən işlərin qısa tarixçəsidir. Əlbəttə, bu tarixçə onu göstərir ki, biz 20 ildən çoxdur Cənub Qaz Dəhlizinin həyata keçirilməsi istiqamətində irəliləyirik. Bu 20 il uğur, nailiyyətlər, inkişaf, transformasiya və regional əməkdaşlıq illəri olub.
Bu gün bizim artıq təkcə Azərbaycan, Gürcüstan, Türkiyə kimi üç ənənəvi müttəfiqi deyil, daha çox ölkəni əhatə edən güclü regional əməkdaşlıq formatımız var. Ötən görüşümüzdən sonra keçən dövr ərzində Cənub Qaz Dəhlizinin həyata keçirilməsində əhəmiyyətli irəliləyiş əldə olunub. Biz Cənub Qaz Dəhlizinin 4 elementinin hamısı ilə bağlı yaxşı irəliləyişə nail olmuşuq. “Şahdəniz-2” yatağı üzrə işlərin 99 faizdən çoxunu tamamlamışıq. Bir il əvvəl bu rəqəm 90 faiz olub. Cənubi Qafqaz Boru Kəməri ilə bağlı işlərin təxminən 95 faizi tamamlanıb, bir il əvvəl bu rəqəm 90 faiz olub. TANAP-ın icrası 95 faizə yaxınlaşır, bir il əvvəl bu, 70 faizə yaxın olub. TAP-ın icrası bir il əvvəlki 34 faizlə müqayisədə 70 faizə yaxın, ola bilsin ki, 66-67 faiz tamamlanıb”.
Prezident “Şahdəniz”in Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyi olduğunu vurğulayıb: “Lakin düşünürəm və əminəm ki, gələcəkdə biz Azərbaycanda əlavə həcmdə resurslara malik olacağıq. Çünki bu gün biz beynəlxalq tərəfdaşlarımızla fəal şəkildə yeni layihələr, Xəzər dənizinin Azərbaycan sektorundakı yeni qaz yataqları üzərində işləyirik. Xüsusilə tezliklə, ola bilsin ki, bir neçə ilə, bəlkə də bundan az müddətdə hasilata başlanacaq “Abşeron” yatağı, çox böyük qaz ehtiyatı olan “Ümid” və “Babək” yataqları ilə bağlı Azərbaycan xarici şirkətlərlə fəal danışıqlar aparır.
Tezliklə beynəlxalq əməkdaşlığa cəlb olunacağına ümid bəslədiyimiz başqa bir yataq “Qarabağ” adlanır. Həmçinin böyük qaz potensialı olan iki yataq – “Dan ulduzu” və “Əşrəfi”. Beləliklə, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları “Şahdəniz” yatağından iki dəfədən artıq çoxdur – 2,6 trilyon kubmetr qaza bərabərdir və əminəm ki, daha çox olacaq.
Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Biz milli təhlükəsizlikdən danışarkən hazırda enerji təhlükəsizliyi ən vacib elementlərdən biridir. Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir, bizdə bu, marşrutların və mənbələrin şaxələndirilməsidir. Bu, əsl şaxələndirmədir. Çünki təkcə marşrutların şaxələndirilməsi bizimkindən bir qədər fərqlidir. Cənub Qaz Dəhlizi enerji sahəsində əməkdaşlıq layihəsidir və əməkdaşlığın necə olmalı olduğunu göstərir. Əməkdaşlıq yalnız o zaman mümkündür ki, bütün tərəflər ondan faydalansın. Bu səbəbdən başlanğıcda bizim əsas məqsədimiz istehsalçılar, tranzit ölkə və istehlakçılar arasında yaxşı balansın tapılmasıdır. Yalnız bu halda uğur qazana bilərik və layihənin uğurlu icrası bizim doğru yolda olduğumuzu göstərir”.
Dövlət başçısı deyib ki, Cənub Qaz Dəhlizi layihəsi ölkəyə yeni faydalar verir: “Azərbaycan iqtisadiyyatı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq, iqtisadiyyatı tamamilə dəyişmək üçün öz enerji ehtiyatlarından səmərəli şəkildə istifadə edib. Hazırda ümumi daxili məhsulun mütləq əksəriyyəti özəl sektorun payına düşür. Son 15 ildə iqtisadiyyatımız 3 dəfədən çox, ümumi daxili məhsul 3,2 dəfə artıb. Biz işsizlik və yoxsulluğu azaltmaq üçün enerji ehtiyatlarından düzgün şəkildə istifadə etməyə müvəffəq olmuşuq. Son 15 ildə əhalimizin 1,5 milyon nəfər artmasına baxmayaraq işsizlik səviyyəsi çox aşağı – 5 faizdir. Yoxsulluq səviyyəsi 5,4 faizdir, savadlılıq səviyyəsi 100 faizə yaxındır.
Biz iqtisadiyyatı şaxələndirmək üçün insan kapitalına investisiya yatırmışıq, iş yerləri açmışıq, müasir infrastruktur layihələri yaratmışıq. 2018-ci il yanvar ayının nəticələri göstərir ki, iqtisadiyyatımız əsasən qeyri-enerji sektorunda inkişaf edir. Burada iqtisadi artım 4 faizə yaxın olub. Yanvarda sənayemizin qeyri-enerji sektorunda iqtisadi artım 8,7 faiz olub. Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsula bərabərdir”.