Tofiq Yaqublu Müsavat Partiyası başqanının müavini vəzifəsindən azad olunub.
“Report”un məlumatına görə, bununla bağlı partiya başqanı Arif Hacılı sərəncam imzalayıb.
“Report” səbəb kimi Tofiq Yaqublunun paralel olaraq Demokratik Qüvvələrin Milli Şurasının üzvü olmasını göstərir. Müsavat Partiyası Milli Şuradan 2013-cü ildə çıxıb.
Tofiq Yaqublu “Report”a açıqlamasında başqan müavini postundan azad olunduğunu təsdiqləyib. Lakin o, bunun səbəbləri barədə danışmaq istəmədiyini bildirib.
Müsavat başqanı Arif Hacılı Bastainfo.com-a deyib ki, başqan müavini konkret icra funksiyalarının həyata keçirilməsini nəzərdə tutan vəzifədir. Arif Hacılının sözlərinə görə, Tofiq Yaqublu başqan müavini kimi bu funksiyaların həyata keçirilməsinə kifayət qədər diqqət və zaman ayıra bilmədiyi üçün vəzifəsindən azad edilib.
Arif Hacılı eyni zamanda qeyd edib ki, Tofiq Yaqublu Müsavat Divanının üzvüdür və bundan sonra da partiyada fəaliyyətini davam etdirəcək.
Novator.az bildirir ki, Tofiq Yaqublu Müsavat başqanının müavini postunu 2010-cu ildən tuturdu.
1961-ci ildə Gürcüstanda anadan olan Tofiq Yaqublu Moskva Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının fəalıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Qarabağ müharibəsi veteranıdır. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür.
Tofiq Yaqublu 2013-cü ilin fevralında İsmayıllı hadisələrinə görə tutulub, 5 il həbs cəzası alıb. 2016-cı ilin martında prezidentin imzaladıığı əfv sərəncamı nəticəsində azadlığa çıxıb.