2018-2025-ci illər üzrə rəsmi statistikanın inkişafı proqramı təsdiqlənib. Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Statistika Komitəsinə həvalə olunub.
Novator.az-ın məlumatına görə, proqramın əsas məqsədinin statistika işlərinin ölkədə və beynəlxalq aləmdə cərəyan edən sosial-iqtisadi proseslərə və müasir çağırışlara uyğun təkmilləşdirilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsi yolu ilə rəsmi statistikanın inkişaf etdirilməsi olduğu bəyan edilib. Bu tədbirlərə sosial, iqtisadi və digər sahələr üzrə statistika müşahidələrinin təşkili və metodologiyaların hazırlanması, metaməlumatlar və təsnifatlar, rəsmi statistika materiallarının istehsalının hüquqi, inzibati və informasiya təminatı, istifadəçi məmnunluğunun artırılması, beynəlxalq əməkdaşlıq, maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi istiqamətlərini əhatə edən fəaliyyətlər daxildir.
Sosial, iqtisadi və çoxsahəli statistika sahəsində, iqtisadiyyatın kənd təsərrüfatı, sənaye, ticarət, nəqliyyat, turizm sektorları, sahibkarlıq, əmək bazarı, qeyri-formal məşğulluq, əlillərin məşğulluğu, uşaq əməyindən istifadə, həyat keyfiyyəti, əhalinin fasiləsiz təhsildə iştirakı, informasiya cəmiyyəti üzrə statistik müşahidələrin təşkili, onlara dair metodologiyaların hazırlanması və təkmilləşdirilməsi məqsədi ilə bu vəzifələrin icrası təmin ediləcək:
– Milli Hesablar Sisteminin (MHS) tələblərinə uyğun olaraq ölkə iqtisadiyyatının strukturunun və sahələrarası əlaqələrin təhlilinə imkan verən ehtiyat və istifadə cədvəllərinin tərtibi;
– kənd təsərrüfatının strukturunun, inkişaf meyllərinin, maddi-texniki bazasının, işçi qüvvəsinin, kənd təsərrüfatı məhsullarının sifariş əsasında istehsalı səviyyəsinin və istehsalçıların kooperasiya meyllərinin statistik öyrənilməsi, kənd təsərrüfatı məhsullarının əkin sahəsinə, istehsalına və məhsuldarlığına dair məlumatların əldə edilməsi, əhalinin müxtəlif təbəqələrinin ərzağa əlyetərliyi səviyyəsinin və buna təsir edən amillərin statistik qiymətləndirilməsi;
– sənaye müəssisələrində istifadə olunan avadanlıqlar və onların istehsal güclərindən istifadə vəziyyətinin öyrənilməsi, qeyri-formal istehsal da daxil olmaqla ev təsərrüfatlarında istehsal edilən sənaye məhsullarına dair statistik məlumatların əldə edilməsi;
– daxili bazarda idxal mallarının yerli istehsal malları ilə əvəzlənməsi istiqamətində iqtisadi təhlillər aparılması üçün statistik məlumatların hazırlanması;
– avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmalarına dair statistik məlumatların əldə edilməsi;
– daxili, getmə, gəlmə turizmə dair aktual və ətraflı statistik məlumatların əldə edilməsi, turizm sektoru üzrə təhlillərin aparılması, turizmin satellit hesabının qurulması üçün statistik məlumat bazasının genişləndirilməsi;
– qeyri-neft sektorunda biznes mühitinin təhlili, iqtisadiyyatın əsas sahələri və ev təsərrüfatları üzrə istehlakçı əminliyinin, iqtisadi gözləntilərin, biznesin inkişafına mane olan amillərin müəyyənləşdirilməsi, biznes və investisiya mühitinin əlverişliliyinin artırılması məqsədi ilə qərarların qəbulu, mikro, kiçik və orta sahibkarlıqla bağlı vəziyyətin təhlili, proqnozların verilməsi, inkişaf proqramlarının hazırlanması üçün statistik məlumatların əhatə dairəsinin genişləndirilməsi;
– əmək bazarının inkişafı ilə bağlı müvafiq qərarların qəbulu üçün informasiya təminatının yaxşılaşdırılması, qeyri-formal məşğulluq səviyyəsinin, əlillərin əmək bazarına inteqrasiyasının, ilk peşə və orta-ixtisas təhsili müəssisələrinin məzunlarının məşğulluğunun, uşaq əməyindən istifadənin xarakteri və miqyasının, əhalinin fasiləsiz təhsildə iştirakı və kitab fondundan istifadə vəziyyətinin statistik öyrənilməsi;
– ölkədə ana və uşaqların sosial rifah vəziyyətinin, insan inkişafının qiymətləndirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə müəyyən edilmiş hədəflərə çatmanın ölçülməsi üçün beynəlxalq müqayisəliliyi təmin edən statistik məlumatların əldə edilməsi;
– ev təsərrüfatları üzrə statistik məlumatların əhatəliliyinin və MHS-də istifadə imkanlarının artırılması, əhalinin həyat səviyyəsini səciyyələndirən statistik məlumatların əldə edilməsi, gündəlik vaxt fondundan istifadə vəziyyətinin statistik öyrənilməsi;
– ölkə əhalisinin informasiya və kommunikasiya texnologiyalarına əlyetərliyinin və onlardan istifadə vəziyyətinin statistik öyrənilməsi.
Proqramda müəyyən edilmiş tədbirlər dövlət büdcəsində Dövlət Statistika Komitəsinə bu məqsəd üçün nəzərdə tutulan vəsait və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir.