Gürcüstan Azərbaycana yaxın qonşu olsa da, indiki zamanda kommunikasiya texnologiyaları nəticəsində dunyada və Qafqazda min kilometrlərlə məsafə monitorun ekranına yığışacaq qədər balacalaşsa da, yenə cəmiyyətlərin bir-biri haqda təsəvvürlərində informasiya qıtlığı hiss olunur. Bu, Güney Qafqazdakı dini vəziyyətə də aiddir. Bizi xüsusilə bir rakurs ilgiləndirir: bölgədə dini mühitə xaricdən təsir etmək üçün rıçaqlar və ya “düymələr” varmı? Suala cavab üçün iki ekspertin düşüncələrinə baxaq.
David Tikinaşvili (Gürcüstan, ilahiyatçı):
– Gürcüstanda əhalinin 83%-dən çoxu özünü gürcü pravoslav kilsəsinə bağlı sayır və onların 95%-i pravoslav qurumuna etibar edir. Gellap İnstitutunun araşdırmasına görə, ən dindar ölkələr arasında Gürcüstan 11-ci yeri tutur. Ancaq son illər bu statistikaya uyuşmayan proseslər baş verir: kilsəyə ibadətə gedənlərin sayı azalır. 2015-ci ildə gürcülərin yalnız 18%-i həftədə bir dəfə və ya daha çox kilsəyə gedib.
Başqa bir maraqlı statistika: Gürcüstnda əhalinin 94.3%-i Tanrının varlığına inanır, di gəl, onlardan yalnız 49%-i ölümdən sonra həyatın olduğunu qəbul edir. Son illərdə Gürcüstanda kilsənin sosial təsiri də azalıb. Bir səbəb odur ki, dindarlar kilsə iyerarxiyasının yuxarısında duranların bir kəsiminin təmtərağını görüb narazı qalırlar. Düşüncə adamları gürcü ruhanilərin savad səviyyəsinin aşağı olmasndan da şikayət edirlər.
Ötən bir neçə ildə kilsə nümayəndələrinin imicinə iki olay ciddi zərbə vurmuşdu. 2012-ci ildə yepiskoplardan bir qismi adamları hakim “Gürcü Arzusu” koalisiyasına səs verməyə çağırmaqla kilsə neytrallığını pozmuşdu. Xeyli ruhani isə həm də seçki kampaniyalarında aktiv iştirak etmişdi.
XX yüzilin erkənlərində gürcü pravoslav kilsəsi Qərbyönümlü idi və Rusiyaya qarşı kəskin mövqe tuturdu. İndi isə durum dəyişib. Məsələn, 2008-ci ildə bir yepiskopun sözləri hamını şoka salmışdı: Rusiya postları Tanrının bizə verdiyi buxovlardır ki, Gürcüstanın Avropaya inteqrasiyasının qarşısını alır.
Gürcü kilsəsində Stalin kultu da özünü göstərir. Burada onun ikonaları var və bəziləri bu ikonalara dua edirlər. Patriarx nəinki bu eybəcər hala qarşı çıxır, o həm də etiraf edib ki, Stalini sevir və onun sözlərinə görə, əslində, Stalin dindar olub.
Bizim patriarxı Rusiya ilə isti xatirələr bağlayır. O, ruhani təhsilini Rusiyada alıb. Hesab edir ki, Rusiya ilə münaqişənin çözümündə iki xalqın eyni dindən olması həlledici olmasa da hər halda önəmli amildir. Hərçənd gürcü pravoslavların çoxu Rusiyanı vətənlərinin başlıca düşməni sayır. Faktlar göstərir ki, Rusiya kilsəsi üçün gürcülərlə münasibətdə eyni dindən olmaları heç də əsas deyil. Bu ondan görünür ki, rus kilsəsi Gürcüstanın işğal olunmuş torpaqlarına ruhanilər göndərir və onlar Abxaziyada, Güney Osetiyada anti-gürcü təbliğatına aktiv şəkildə qoşulurlar.
Toğrul Mehdi (Azərbaycan):
– Azərbaycanda sünnilərlə vahabçıların zəhiri fərqləri azdır. Onlar eyni cür namaz qılırlar, peyğəmbərlərin əshabələrinə eyni cür yanaşırlar. Sadəcə, vahabçılar dinc şəraitdə də cihadın göstəricisi kimi bığlarını qırxırlar. Peyğəmbər yəhudilərlə savaşda tərəfdarlarına demişdi ki, bığınızı qırxın ki, onlardan fərqlənəsiniz. Onun üçün də bu nişandan savaşda şiələr də istifadə edə bilərlər. Vahabçılar isə dinc şəraitdə belə, bığlarını qırxmaqla cihadda olduqlarını göstərirlər.
Sünnilərlə vahabçıların bir ciddi fərqi Allahı hansı əlamətlərdə, sifətlərdə qavramalarıdır. Vahabçılar “Quran”dakı Allahın sifətlərini hərfi qəbul edirlər, yəni məcazi saymırlar. Orada deyilirsə ki, Allahın iki əlinin ikisi də sağdır, tələb edirlər ki, bunu hərfi anlamaq lazımdır.
Şiələrlə sünnilərin və vahabçıların fərqləri namazda, bəzi geyim, davranış tərzlərində də özünü göstərir. Azərbaycanın İranla sərhəd bölgələrində şiələr, Dağıstanla qonşu bölgələrində isə sünnilər yaşayırlar. Ancaq burada çoxluqda milli duyğular ümmət duyğularından üstündür, ona görə də şiələr arasında türk sünnilərə ögey baxmayanların sayı çoxdur. Amma bütün hallarda azərbaycanlıların çoxunun dindarlığı onları qıraq təsirlər qarşısında zəif etmir, çünki onlarda dini əxlaqdan daha üstün dünyəvi əxlaqdır.
Putin təbliğatının və İran siyasətinin anti-qərbçiliyi Azərbacanda geniş miqyaslı uğur qazanmaz. Bu səbəbdəndir ik, Rusiyanın dini istiqamətdə Azərbaycana təsir etmək üçün ciddi maliyyə sərf etməyə əli gəlmir.