Maliyyə Nazirliyinin yeni hesabatına görə, 1 yanvar 2018-ci ilə Azərbaycanın xarici dövlət borcu 9 milyard 398,3 milyon ABŞ dolları, borcun ümumi daxili məhsula (ÜDM) nisbəti 22,8 faiz olub. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxildir.
Novator.az bildirir ki, 1 yanvar 2017-ci ilə xarici dövlət borcu 6 milyard 913,2 milyon ABŞ dolları, borcun ÜDM-ə nisbəti 20,4 faiz idi. Bir ildə dövlət borcu 2 milyard 485,1 milyon dollar artıb.
2018-ci ilin büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 2 milyard 262,7 milyon manat göstərilir.
Nazirlər Kabinetinin 10 yanvar iclasında çıxış edən prezident İlham Əliyev xarici borc məsələsinə toxunaraq deyib: “Kreditlərin alınması ilə bağlı daha da ciddi siyasət aparmalıyıq. Hesab edirəm ki, bundan sonrakı illərdə dövlət xarici borcunun azaldılması istiqamətində işlər aparmalıdır. Bu gün də xarici borcumuz məqbul səviyyədədir. Dünya miqyasında biz xarici borcun səviyyəsinə görə müsbət mənada qabaqcıl ölkələrdənik. Ancaq mən qarşıya vəzifə qoymuşam, çalışmalıyıq ki, bundan sonra xarici borcu artırmayaq, əksinə, bunu azaldaq.
Xarici borcumuzun səviyyəsi aşağı düşməlidir. Builki büdcəmizdə xarici borcun qaytarılması üçün vəsait nəzərdə tutulub. Əsas vəzifə ondan ibarətdir ki, biz o qədər də vacib olmayan layihələrə xarici borc götürməyək. Biz ancaq texnoloji cəhətdən önəmli layihələrə xarici borc götürməliyik. Yoxsa hansısa binanın tikintisinə, yaxud da ki, daxili imkanlar hesabına edə biləcəyimiz digər layihəyə xaricdən kredit almaq düzgün deyil”.
1 yanvar 2011-ci ilə xarici borcun həcmi 3 milyard 857,3 milyon ABŞ dolları olub. Maliyyə Nazirliyi borcun ÜDM-ə nisbətini 7,42 faiz göstərib.
Rəsmi hesabata əsasən, 1 yanvar 2012-ci ilə xarici dövlət borcu 4 milyard 816,7 milyon ABŞ dollarına yüksəlib, onun ÜDM-ə nisbəti 7,6 faiz təşkil edib.
1 yanvar 2013-cü ilə xarici dövlət borcu 5 milyard 708,4 milyon ABŞ dollarına, xarici dövlət borcunun ÜDM-ə nisbəti 8,3 faizə qalxıb.
Maliyyə Nazirliyinin 1 yanvar 2014-cü ilə olan hesabatına görə, xarici dövlət borcu 4 milyard 753,2 milyon manat olub, onun ÜDM-ə nisbəti 8,2 faizə enib.
1 yanvar 2015-ci ilə xarici dövlət borcu 6 milyard 478,2 milyon ABŞ dolları (5 milyard 81,5 milyon manat) olub.
1 yanvar 2016-cı ilə olan rəsmi hesabata görə, Azərbaycanın xarici dövlət borcu 6 milyard 894,3 milyon ABŞ dollarına, onun ümumi daxili məhsula nisbəti 19,8 faizə yüksəlib.