Kiyev Apellyasiya Məhkəməsi jurnalist Fikrət Hüseynlinin işi üzrə prosesi sona çatdırıb. Məhkəmə prokurorluğun jurnalistlə bağlı verdiyi protetsi qəbul etməyib və işin bağlanması barədə qərar çıxarıb.
Fikrət Hüseynli “Amerikanın səsi”nə deyib ki, bundan sonra prokurorluq ekstradisiya yoxlamasını başa çatdırıb, işin bağlandığı barədə sənədi verməklə onu yola salmalıdır: “İndi sənədin hazrlanmasının bir az vaxt aparacağını bəhanə edib sənəd hazır olanadək Kiyevdə qalmağımla bağlı qərar çıxarmağa çalışırlar”.
Fikrət Hüseynli Azərbaycanı 2008-ci ilin əvvəlində tərk edib və həmin vaxtdan Niderland Krallığında yaşayır. 2014-cü ildən həmin ölkənin vətəndaşıdır.
Bakıda Fikrət Hüseynliyə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə və dələduzluq ittihamları ilə cinayət işi açılıb. Bir neçə il qabaq başlanan bu cinayət işi ilə əlaqədar Fikrət Hüseynli axtarışa verilib.
2017-ci il oktyabrın 14-də Fikrət Hüseynli Azərbaycanın İnterpola verdiyi sorğu əsasında Kiyevin Borispol hava limanında saxlanıb. Oktyabrın 17-də Borispol Rayon Məhkəməsi onun barəsində 18 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Oktyabrın 27-də isə məhkəmə Fikrət Hüseynlinin Azərbaycana ekstradisiya olunmasına dair Kiyev Şəhər Prokurorluğunun vəsatətini rədd edərək jurnalisti zaminə buraxıb.
Kiyev prokurorluğu onun zamində olması ilə razılaşmayıb və buna görə də məhkəmənin oktyabrın 27-də çıxardığı qərardan protest verib.
Kiyev Apellyasiya Məhkəməsi 2018-ci ilin yanvarında bir neçə dəfə işi prokurorluğa qaytarıb protetsdən imtina olunmasını tövsiyə etmişdi. Lakin prokurorluq iddiasından əl çəkmədiyini bildirmişdi.
41 yaşlı Fikrət Hüseynli vaxtilə “Azadlıq” qəzetinin əməkdaşı olub. Son vaxtlar isə xaricdən yaylan “Turan TV” ilə əməkdaşlıq edir. “Turan TV”nin Azerbaycansaati.com saytı Azərbaycan Respublikası ərazisində məhkəmə qərarı ilə bloklanıb.