Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov AZƏRTAC-da dərc olunan məqaləsində yazır ki, 2017-ci ildə müraciətlərin sayı əvvəlki ilə nisbətən 10 minədək azalıb: “Vətəndaş müraciətlərinin təhlilində əsas göstəricilərdən biri hər bir rayon və şəhərdən əhalinin 1000 nəfərinə düşən müraciətlərin sayıdır. Bu baxımdan 2017-ci ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin təhlili göstərir ki, Bakı şəhərinin rayonlarında, habelə Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Cəbrayıl, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Quba, Neftçala, Saatlı, Salyan, Samux, Şəmkir, Tovuz, Yardımlı şəhər və rayonlarında bu göstərici yüksək olub.
Elə şəhər və rayon icra hakimiyyətləri var ki, vətəndaşlar öz problemləri barədə onlardan çox yuxarı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına yazmağa üstünlük verirlər. Dövlət orqanlarına daxil olan müraciətlərin sayının bilavasitə yerli icra hakimiyyətlərinə daxil olan müraciətlərin sayından çox olduğu şəhər və rayonlardan Yevlax, Ağdam, Ağdaş, Astara, Bərdə, Göyçay, Göygöl, Kəlbəcər, Kürdəmir, Laçın, Neftçala, Pirallahı, Samux, Şamaxı, Tovuz, Yardımlı, Yasamal şəhər və rayonlarını göstərmək olar”.
Şöbə müdiri qeyd edir ki, il ərzində daxil olmuş müraciətlərin 66,5 faizi ərizə, 33,2 faizi şikayət, 0,3 faizi təklifdir. Onun sözlərinə görə, Prezident Administrasiyasına 2017-ci ildə daxil olmuş müraciətlərin bir qismi bank məsələləri və kreditlərin verilməsi ilə bağlıdır: “2017-ci ildə əvvəlki illə müqayisədə bu mövzuda müraciətlər azalıb. Bəzi banklarda kreditlərin ödənilməsi ilə yanaşı əmanətlərin verilməsində də müəyyən problemlər yaranıb. Fəaliyyətindən şikayət edilən bankların bəziləri artıq bağlanıb, bank sistemində problem doğuran səbəblər tənzimlənməyə başlanıb.
Bank işçilərinin fəaliyyəti ilə əlaqədar daxil olmuş müraciətlər və digər materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi banklar haqqında 25 cinayət işi açıb. Açılmış cinayət işlərinin təhqiqatının başa çatdırılması nəticəsində ayrı-ayrı bankların vəzifəli şəxslərinin yol verdikləri qanunsuzluq və mənimsəmə halları qismən aradan qaldırılıb, dövlətə və vətəndaşlara dəyən böyük məbləğdə zərərin xeyli hissəsinin ödənilməsi və qaytarılması təmin edilib.
Prezident Administrasiyasına hüquq mühafizə və məhkəmə orqanlarının fəaliyyətinə dair daxil olan müraciətlərin sayı 2017-ci ildə xeyli azalıb. 2017-ci ildə məhkəmə orqanlarının saflaşdırılması üçün ardıcıl tədbirlər görülüb, Məhkəmə-Hüquq Şurası birinci instansiya və apellyasiya məhkəmələrinin 115 hakiminin fəaliyyətini prinsipial qiymətləndirib, nöqsan və pozuntulara yol verdiyinə görə 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilib, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakimi aşağı işə keçirilib.
Ümumiyyətlə, görülən tədbirlər nəticəsində məhkəmə orqanları və hakimlərin fəaliyyəti barədə Prezident Administrasiyasına son 5 ildə daxil olan müraciətlərin sayında azalma müşahidə olunur və 2017-ci ildə bu müraciətlərin sayı 2016-cı ilə nisbətən 14,4 faiz, 2013-cü ilə nisbətən isə 25,9 faiz azalıb”.
Novator.az-ın məlumatına görə, Süleyman İsmayılov yazır ki, 2017-ci ildə dövlət orqanlarının aparatlarına daxil olan müraciətlərin 85,5 faizi mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında, 14,5 faizi isə yerli icra hakimiyyətlərində baxılıb: “Bu müraciətlərin 72,8 faizi ərizə, 26,7 faizi şikayət, 0,5 faizi təkliflərdən ibarətdir. 2017-ci ildə şəhər, rayon icra hakimiyyətlərinə yuxarı dövlət orqanlarından və bilavasitə vətəndaşlardan daxil olan müraciətlərin faiz göstəriciləri müvafiq olaraq 46,2 və 53,8 faiz təşkil edib. Mərkəzi icra hakimiyyəti orqanlarına isə il ərzində müraciətlərin 30,1 faizi yuxarı dövlət orqanlarından və digər qurumlardan, 69,9 faizi bilavasitə vətəndaşlardan daxil olub.
Vətəndaşların müraciətlərinə baxılması və qəbulu məsələləri 2017-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarında keçirilmiş 1624 kollegiya iclasında, müşavirə və toplantıda müzakirəyə çıxarılıb. Yol verilən nöqsanlara görə 1976 cavabdeh şəxslə bağlı tədbirlər görülüb, o cümlədən 956 nəfərə töhmət və şiddətli töhmət verilib, 18 nəfər aşağı vəzifəyə keçirilib, 4 nəfərin ixtisas dərəcəsi aşağı salınıb, 143 nəfərin əmək müqaviləsinə xitam verilib, 12 nəfərin vəzifə maaşı azaldılıb, 5 nəfərə cərimə kəsilib, 838 nəfərə xəbərdarlıq edilib. Mərkəzi icra hakimiyyəti orqanlarında və digər qurumlarda baxılmış müraciətlərin 34,7 faizi müsbət həll olunub, 4,7 faizi qismən təmin edilib, 12,5 faizi əsassız sayılıb, 28,3 faizində qaldırılan məsələlərə dair vətəndaşlara müvafiq izahat verilib. Müraciətlərin 16,9 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilib, 2,9 faizi icrada saxlanıb.
2017-ci ildə şəhər və rayon icra hakimiyyətləri başçıları yanında keçirilmiş 902 şura iclasında və müşavirədə vətəndaş müraciətlərinə baxılması vəziyyəti müzakirəyə çıxarılıb. Müraciətlərə baxılmasına cavabdeh 288 şəxs barəsində tədbirlər görülüb, o cümlədən 57 nəfərə töhmət və şiddətli töhmət elan edilib, 10 nəfərin əmək müqaviləsinə xitam verilib, 221 nəfərə xəbərdarlıq olunub. Yerli icra hakimiyyətlərində müraciətlərin 25,5 faizi müsbət həll olunub, 3,7 faizi qismən təmin edilib, 3,5 faizi əsassız sayılıb, 55,7 faizi barədə müvafiq izahat verilib. Müraciətlərin 8,9 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilib, 2,7 faizi icradadır”.