Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov AZƏRTAC-da yayılan məqalədə qeyd edir ki, Azərbaycanın 2018-ci il üçün dövlət büdcəsinin xərcləri Qırğızıstandan 5,8, Moldovadan 5,5, Tacikistandan 4,9, Ermənistandan 4, Gürcüstandan 2,4 dəfə, Latviyadan 64, Özbəkistandan 56, Belarusdan 17, Litvadan 12, Türkmənistandan 10 faiz çoxdur.
Şöbə müdiri yazır ki, 2017-ci il ərzində ölkə iqtisadiyyatına 14,6 milyard ABŞ dollarına yaxın investisiyanın cəlb olunması, həmçinin ticarət balansının müsbət saldosunun 6,2 milyard dollar olması böyük uğurdur: “Hər il əhalisinin azı 100 min nəfər artdığı respublikamızda iqtisadi inkişafın da yüksək səviyyədə olması və yeni iş yerlərinin yaradılması üçün ölkə iqtisadiyyatına böyük investisiyalar qoyulması tələb olunur. Təkcə 2004-2017-ci illərdə Azərbaycan iqtisadiyyatına 225 milyard ABŞ dolları vəsait qoyulub. Bunun sayəsində özəl bölmənin payı ümumi daxili məhsulda 80 faizə çatıb.
Ölkəmizin Qarabağ probleminə görə yaşadığı çətinliklərə, qaçqınların və məcburi köçkünlərin problemlərinə, müdafiə xərclərinin böyük vəsait tələb etməsinə, üstəlik neftin qiymətinin aşağı olmasına, dünyada hökm sürən böhrana baxmayaraq keçən il Azərbaycanın strateji valyuta ehtiyatlarının 4,5 milyard ABŞ dollarından çox artaraq 42 milyard dollara çatması, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə dünyada öncül yerlərdən birini tutması, ixrac potensialının 19 faiz, o cümlədən qeyri-neft ixracının 24 faiz artması, il ərzində 221 min, o cümlədən 177 mindən çox daimi iş yerinin açılması, işsizliyin 5 faiz, yoxsulluğun 5,4 faiz səviyyəsində olması vətəndaşların güzəranının yaxşılaşdırılmasına və onların problemlərinin müsbət həllinə imkan yaradır.
Aparılan iqtisadi islahatlar ölkənin maliyyə ehtiyatlarından səmərəli istifadə olunmaqla həyata keçirilir. 2017-ci ildə respublikada 1953 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşməsinə 146 milyon manat güzəştli kredit verilib və bu kreditlərin 65 faizi regionların, 35 faizi isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür. İl ərzində güzəştli kreditlərin 67,6 faizi aqrar sektorun, 32,4 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalının inkişafına yönəldilib. Bunun hesabına 60 müəssisə istifadəyə verilib, 40 müəssisədə isə işlər davam etdirilir.
Azərbaycanda 2017-ci ili həm də kənd təsərrüfatında dönüş ili adlandırmaq olar. Vaxtilə mövcud olan ənənəvi kənd təsərrüfatı sahələrinin müasir texnologiyalar əsasında yenidən bərpa edilməsi məşğulluq səviyyəsinin yüksəldilməsinə, ixrac imkanlarının artırılmasına şərait yaradıb. Dövlət başçısının təşəbbüsü ilə aqroparkların yaradılması diqqət mərkəzində olub, il ərzində yaradılan 32 iri fermer təsərrüfatına böyük maliyyə dəstəyi göstərilib. Mövcud 38 aqropark ölkənin ixrac potensialını xeyli artırıb. Məhz dövlət başçısının tapşırığına uyğun olaraq ümumi dəyəri 350,6 milyon manat olan 13 aqroparkın yaradılmasına 98,6 milyon manat güzəştli kredit, həmçinin 10 aqropark üzrə dəyəri 390 milyon manat olan 13 layihəyə investisiya təşviqi sənədi verilib, son 2 ildə kənd təsərrüfatı texnikasının alınmasına 295 milyon manat ayrılıb. İnnovativ meyarlara uyğun qurulan belə aqroparklar gələcəkdə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə və respublika üçün vacib məsələlərdən biri olan yeni iş yerlərinin yaradılmasına kömək edəcək”.
Şöbə müdiri yazır ki, 2017-ci ildə sosial sahələrin inkişafına 5 milyard 52 milyon manat və ya dövlət büdcəsi xərclərinin 28,7 faizi həcmində vəsait yönəldilib: “Əhalinin sosial müdafiəsini gücləndirmək üçün 116 mindən çox ailə, bu ailələrin 400 mindən çox üzvü ünvanlı sosial yardımla əhatə olunub və onlara dövlət hesabına orta hesabla ayda 150 manat yardım göstərilir. Ancaq bunlar əhalinin sosial müdafiəsi üçün görülən işlərin bir hissəsidir. Bu baxımdan keçən il 47 min 900 nəfərin işlə təmin edilməsi, işsiz əhalinin peşə hazırlığı kurslarına cəlb edilməsi, 15 minə yaxın şəxsə işsizlik müavinətinin verilməsi, işsizliyin və yoxsulluğun daha da azaldılması üçün 76 şəhər və rayonda 1172 kiçik ailə təsərrüfatının yaradılması, İşsizlikdən Sığorta Fondu vasitəsilə yardımlar göstərilməsi, “ABAD” mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi öz nəticələrini verməkdədir. Keçən il məşğulluq mərkəzlərinə edilən müraciətlər 1,7 dəfə azalıb.
Vətəndaşların təkcə pensiya və müavinətlərinin həcmi 3,4 milyard manat olub. İşləyən pensiyaçıların hesablarında yığılmış vəsaitdən istifadənin tətbiqi nəticəsində onlara 2,5 milyon manat əlavə vəsait ödənib”.