Ukrayna müxalifətinin liderlərindən olan Mixail Saakaşvili fevralın 12-də ölkədən deportasiya edilib. Novator.az-ın məlumatına görə, paytaxt Kiyevdə tutulan Mixail Saakaşvili Milli Miqrasiya Xidmətinin xətti ilə Polşanın paytaxtı Varşavaya göndərilib.
Varşavada jurnalistlərə açıqlama verən Mixail Saakaşvili deportasiyasını Ukrayna prezidenti Pyotr Poroşenkonun qanunsuz əməli adlandırıb, Avropa İttifaqından yardım istəyib. Mixail Saakaşvili deyib ki, onu kafedə zorla tutaraq şəxsi təyyarə ilə Polşaya yollayıblar.
50 yaşlı Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. 2013-cü ildə ölkəsini tərk edib. Gürcüstanda onun haqqında bir neçə cinayət işi qaldırılıb.
2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, həmin il Odessa vilayətinin qubernatoru təyin edilib.
2015-ci il dekabrın 4-də Mixail Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib. Buna əsas kimi Mixail Saakaşvilinin başqa ölkənin vətəndaşlığını qəbul etməsi göstərilib.
2016-cı il noyabrın 7-də Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu korrupsiyaçıları himayə etməkdə günahlandıraraq Odessa qubernatoru vəzifəsindən istefa verib və noyabrın 10-da postundan azad edilib.
2017-ci il iyulun 25-də Pyotr Poroşenko Mixail Saakaşvilini vətəndaşlıqdan çıxarıb. Buna Mixail Saakaşvilinin vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərməsi əsas gətirilib.
Bir müddət Avropada dolaşan Mixail Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılması ilə barışmayıb. 2017-ci il sentyabrın 10-da Mixail Saakaşvili bir qrup tərəfdarı ilə Polşa-Ukrayna sərhədində sərhədçilərin və polis əməkdaşlarının qurduğu sipəri yararaq ölkə ərazisinə keçib.
O, Yeni Qüvvələr Hərəkatı yaradaraq Ukrayna hakimiyyətinə qarşı mübarizə aparır, növbədənkənar seçkilərə çağırır, Pyotr Poroşenkonun istefasını tələb edir.
Ukraynanın hüquq mühafizə orqanları Mixail Saakaşviliyə cinayətə cəhd, qabaqcadan əlbir olan bir qrup şəxsin cinayət törətməsi, cinayət təşkilatları üzvləri ilə davamlı işbirliyi və onların cinayət fəaliyyətini ört-basdır etmək ittihamları verib. Ancaq onu həbs etmək mümkün olmayıb.
Mixail Saakaşvili Ukraynada qaçqın statusu və ya siyasi sığınacaq almaq istəsə də, buna nail ola bilməyib.
Bu il yanvarın 5-də Tbilisi Şəhər Məhkəməsi Mixail Saakaşviliyə qiyabi hökm çıxarıb. Sabiq prezident bankir Sandro Qirqvlianinin işi üzrə vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib, 3 il azadlıqdan məhrumetmə cəzası alıb.
Sandro Qirqvliani 2006-cı ildə öldürülüb. 2008-ci ildə prezident postunu tutan Mixail Saakaşvili bu ölüm işinə görə tutulmuş 4 polis zabitini əfv edib və onlar azadlığa çıxıblar. Sabiq prezidentə məhz buna görə vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı verilib.