Müsavat Partiyası Məclisinin 10 fevral sessiyasında aprelin 11-nə təyin edilmiş prezident seçkisi müzakirə edilib. Müzakirələrdən sonra Müsavat Partiyası növbədənkənar prezident seçkisində iştirak etməmək qərarı çıxarıb.
Yanvarın 27-də Müsavat Məclisinin sessiyasında prezident seçkisi ilə bağlı qərargah yaradılmışdı. Partiyanın prezidentliyə namizədi İsa Qəmbər idi. Bu haqda qərar 2014-cü ildə keçirilən qurultayda qəbul olunmuşdu.
İsa Qəmbər 1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub. Hazırda Milli Strateji Düşüncə Mərkəzinin sədridir.
Müsavat Məclisinin 2018-ci il yanvarın 27-də keçirilən sessiyasında yaradılan seçki qərargahına Gülağa Aslanlı sədr seçilmişdi.
2013-cü ilin oktyabrında 5 il müddətinə prezident seçilmiş İlham Əliyevin səlahiyyət müddəti 2018-ci ilin oktyabr ayında başa çatırdı. Bu il oktyabrın üçüncü həftəsinin çərşənbə günü – ayın 17-də növbəti prezident seçkisi keçirilməli idi.
Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə aprelin 11-nə növbədənkənar prezident seçkisi təyin edilib.
2018-ci il yanvarın 11-də prezident İlham Əliyev Seçki Məcəlləsinə 15 dekabr 2017-ci ildə edilmiş dəyişiklikləri imzalayıb. Qüvvəyə minən əsas yeniliklərdən biri konstitusiyanın 101-ci maddəsinin I hissəsinin ikinci cümləsinə müvafiq olaraq prezidentin elan etdiyi halda növbədənkənar prezident seçkisinin keçirilməsi haqdadır. Növbədənkənar prezident seçkisi elan ediləndən 60 gün müddətində keçirilməlidir.
2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılıb. Başqa bir yenilik konstitusiyanın 101-ci maddəsinə edilib. 101-ci maddənin I hissəsinə əlavə olunmuş ikinci cümləyə əsasən, dövlət başçısı növbədənkənar prezident seçkisi elan edə bilər.
Seçki Məcəlləsinin əvvəlki normasına görə, vaxtından əvvəl prezident seçkisi prezident istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə, konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıldıqda keçirilə bilərdi.
Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən VI qurultayında prezident İlham Əliyevi 11 aprel seçkisində namizəd irəli sürüb.
Demokratik Qüvvələrin Milli Şurası isə növbәdәnkәnar prezident seçkisini boykot etmәk vә etiraz mitinqlәrinә başlamaq barәdә qәrar qəbul edib.
Milli Şura 2013-cü ildə yaradılıb. Quruma Cəmil Həsənli və Əli Kərimli liderlik edir.
Respublikaçı Alternativ (REAL) Hərəkatı növbədənkənar seçki qərarını “tələsik və heç bir əsası olmayan addım” adlandırıb. Hərəkatın bəyanatında vurğulanıb ki, növbədənkənar seçkinin elan edilməsi Azərbaycanda ədalətli və azad seçkilərin keçirilməsi üçün onsuz da məhdud olan imkanları daha da azaldır.
REAL məhdudiyyət deyəndə həm də hərəkatın sədri, prezidentliyə iddialı olan İlqar Məmmədovun həbsdə saxlanmasını nəzərdə tutur. İlqar Məmmədov 2013-cü ilin fevralından həbsdədir. O, 7 il azadlıqdan məhrumetmə cəzası alıb. REAL İlqar Məmmədovu prezident postuna əsas alternativ namizəd sayır.