İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilin ilk işgüzar forumunu fevralın 9-u Qazax rayonunda keçirib. 200-dək sahibkarın iştirak etdiyi forumda çıxış edən icraçı direktor müavini Arif Vəliməmmədov 2018-ci ilin əsas hədəfləri barədə məlumat verib. Qeyd olunub ki, aqrar sektorun innovativ meyarlara uyğun qurulması, o cümlədən aqroparkların yaradılması əsas hədəflərdəndir: “Dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkənin 28 rayonu üzrə 183 min hektar ərazidə 43 aqroparkın yaradılması işləri davam etdirilir. 3 aqroparkda birinci mərhələ üzrə işlər başa çatdırılıb, 25 aqroparkda tikinti-quraşdırma, 15 aqroparkda isə layihələndirmə işləri aparılır. 2018-ci ildə 15 aqropark istifadəyə veriləcək. Ümumi dəyəri 386 milyon manat olan 15 aqroparkın yaradılmasına 103,6 milyon manat güzəştli kredit ayrılıb”.
Tədbirdə bildirilib ki, Qazaxda 850 hektar ərazidə kartofçuluq üzrə aqropark yaradılır: “Hazırda kartof əkini üzrə işlər aparılan aqroparkda kartofun saxlanması üçün anbarın tikintisi, müasir suvarma sisteminin qurulması və texnika parkının yaradılması üzrə işlər aparılır. Aqroparkda çeşidləmə və qablaşdırma sahələri də yaradılacaq. Aqroparkın yaradılmasına ilkin mərhələdə 2 milyon manat güzəştli kredit verilib”.
Diqqətə çatdırılıb ki, qeyri-neft məhsullarının istehsalının və ixracının artırılması, iqtisadiyyatın real sektorunda investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına olmaqla sahibkarlıq subyektlərinə ilkin olaraq 170 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur: “Artıq bu ilin ötən dövründə geri qaytarılmış vəsaitlər hesabına 5,3 milyon manat güzəştli kredit verilib, bu layihələr hesabına 350-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur”.
İşgüzar forum çərçivəsində Qazax və ətraf rayonlardan olan sahibkarlar 2,2 milyon manat güzəştli kredit alıb. Bu kreditlər hesabına 150-dən artıq yeni iş yerinin yaradılması planlaşdırılır.