Mod.gov.az-ın 12 fevral məlumatına görə, düşmənin Azərbaycan-Ermənistan sərhədini pozmaq məqsədilə Qazax rayonu istiqamətində təxribatı uğursuzluqla nəticələnib: “Fevralın 11-i səhər saatlarında hava şəraitinin dumanlı olmasından istifadə edən düşmən Azərbaycan Ordusunun ön xətt mövqeləri istiqamətində hərəkətə cəhd göstərib. Mövqelərimiz istiqamətində hərəkət edən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupuna məxsus “UAZ” markalı avtomobil xüsusi texniki müşahidə vasitələri ilə vaxtında aşkar edilərək nəzarətə götürülüb.
Qabaqlayıcı tədbirlər nəticəsində erməni kəşfiyyat qrupunun irəliləməsinin qarşısı dərhal alınıb. Geri çəkilməyə məcbur edilən düşmən qrupu ona məxsus avtomobil texnikasını ataraq təcili surətdə ərazini tərk edib. Öz mövqelərinə geri çəkilən düşmən ərazidə qalan “UAZ” avtomobilinə atəş açmaqla onu yandırıb”.