Bakı Şəhər Statistika İdarəsi paytaxtın sosial-iqtisadi göstəricilərini açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, 2017-ci ildə sənayedə istehsal və göstərilmiş xidmətlər 4,2 faiz azalaraq 33,2 milyard manat təşkil edib. Sənayedə qeyri-dövlət sektorunun payı 81,4 faiz göstərilir.
Hesabata əsasən, 2017-ci ildə şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 11 milyard 563,8 milyon manat və ya əvvəlki illə müqayisədə 0,1 faiz az vəsait yönəldilib. Ümumi sərmayənin 22,6 faizi dövlət, 77,4 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb.
Ötən il əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2016-cı illə müqayisədə 0,7 faiz artaraq 5 milyard 394,3 milyon manat olub.
İctimai iaşə dövriyyəsinin həcmi 2016-cı illə müqayisədə real ifadədə 4,2 faiz artaraq 945,4 milyon manata çatıb.
Pərakəndə ticarət dövriyyəsinin həcminin 2016-cı ilə nisbətən müqayisəli qiymətlərlə 3,3 faiz artaraq 19 milyard 613,5 milyon manat olduğu bildirilir.
2017-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 6,5 faiz artaraq 782 manata yüksəlib.
Nəqliyyat müəssisələrində çalışan işçilərin orta aylıq əməkhaqqı 858,2 manat, rabitə müəssisələrində çalışan işçilərin orta aylıq əməkhaqqı 1099,5 manat təşkil edib.