Rusiyanın Mərkəzi Seçki Komissiyası martın 18-də keçiriləcək prezident seçkisinə müstəqil iddiaçı kimi qatılan dövlət başçısı Vladimir Putinin namizədliyini qeydiyyata alıb. Novator.az-ın məlumatına görə, Vladimir Putin 1,6 milyondan çox imza toplayıb, MSK-ya 314 mindən çox imza təhvil verilib, həmin imzaların 232-si (0,39%-i) etibarsız sayılıb.
MSK-ya verilən rəsmi hesabata əsasən, son 6 ildə Vladimir Putin 38,5 milyon rubl gəlir əldə edib. Dövlət başçısının 13 bank hesabında üst-üstə 13,9 milyon rubl olduğu bildirilir. Prezidentin “Bank Sankt-Peterburq”da 230 səhmi, Moskva şəhərində 1 mənzili, Sankt-Peterburqda 1 mənzili və 1 qarajı var.
Vladimir Putin “QAZ 21M” markalı 2, “VAZ-2121 Niva” markalı 1 avtomobilə sahibdir.
Qeydiyyat üçün müstəqil namizəddən 300 min imza, partiyalı namizəddən 100 min imza toplamaq tələb olunub. Parlamentdə təmsil olunan partiyanın namizədi imza yığmaqdan azaddır. Kommunist Partiyasının prezidentliyə bitərəf namizədi Pavel Qrudinin və Liberal Demokrat Partiyasının namizədi Vladimir Jirinovski bu üsulla qeydiyyatdan keçib.
Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburinin, Vətəndaş Platforması Partiyasından Kseniya Sobçakın, Rusiya Kommunistləri Partiyasından Maksim Suraykinin, Yüksəliş Partiyasından Boris Titovun, “Yabloko” Partiyasından Qriqori Yavlinskinin sənədləri hələ araşdırılır.
Hazırda Rusiya prezidentinin səlahiyyət müddəti 6 ildir. Eyni şəxs iki dəfədən artıq təkrarən prezident seçilə bilməz.
Vladimir Putin 1952-ci il oktyabrın 7-də Leninqrad (Sankt-Peterburq) şəhərində doğulub. Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini və DTK-nın Moskvadakı 1 saylı Ali Məktəbini bitirib. 1975-1990-cı illərdə təhlükəsizlik orqanlarında çalışıb.
1990-cı ildən Vladimir Putin əvvəl Leninqrad Dövlət Universiteti rektorunun köməkçisi, sonra Leninqrad Şəhər Soveti sədrinin müşaviri postlarını tutub.
1991-ci ildən Sankt-Peterburq meriyasında çalışıb, 1994-cü ildən Sankt-Peterburq hökuməti sədrinin birinci müavini olub.
Vladimir Putin 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru, Təhlükəsizlik Şurasının katibi olub.
1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb.
2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci ildə yenidən prezident seçilib.