Fevralın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı keçiriləcək.
APA-nın məlumatına görə, qurultayda YAP prezidentliyə namizədini irəli sürəcək.
YAP-ın sədri hazırkı dövlət başçısı İlham Əliyevdir.
Aprelin 11-də ölkədə prezident seçkisi olacaq. Bu, növbədənkənar seçkidir. “Növbədənkənar prezident seçkisinin elan edilməsi haqqında” sərəncamı prezident İlham Əliyev fevralın 5-də imzalayıb. Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar seçkinin aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
Dövlət başçısı bu sərəncamı Seçki Məcəlləsinin 179-cu maddəsinə əsaslanaraq imzalayıb.
Novator.az bildirir ki, Seçki Məcəlləsinə 2017-ci il dekabrın 15-də dəyişikliklər edilib. Prezident İlham Əliyev həmin dəyişiklikləri 2018-ci il yanvarın 11-də imzalayıb. Nəticədə konstitusiyanın 101-ci maddəsinin I hissəsinin ikinci cümləsinə əlavə olub. Əlavə müvafiq olaraq prezidentin elan etdiyi halda növbədənkənar prezident seçkisinin keçirilməsi haqdadır. Yeniliyə əsasən, növbədənkənar prezident seçkisi elan ediləndən 60 gün müddətində keçirilməlidir.
2013-cü ilin oktyabrında 5 il müddətinə prezident seçilmiş İlham Əliyevin səlahiyyət müddəti 2018-ci ilin oktyabr ayında başa çatır. Növbədənkənar seçki elan edilməsəydi, seçki bu il oktyabrın üçüncü həftəsinin çərşənbə günü – ayın 17-də keçiriləcəkdi.
2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılıb. Başqa bir yenilik konstitusiyanın 101-ci maddəsinə edilib. 101-ci maddənin I hissəsinə əlavə olunmuş ikinci cümləyə əsasən, dövlət başçısı növbədənkənar prezident seçkisi elan edə bilər.
Seçki Məcəlləsində indiyədək qüvvədə olmuş normaya görə, vaxtından əvvəl prezident seçkisi prezident istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə, konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıldıqda keçirilə bilərdi.
11 aprel 2018-ci ildə Azərbaycan 9-cu dəfə prezident seçəcək.
1990-cı ildə prezidentlik institutu təsis olunanda ilk prezident – Ayaz Mütəllibov – parlamentdə seçilib.
Azərbaycanda ümumxalq səsverməsi ilə ilk prezident seçkisi isə 1991-ci il sentyabrın 8-də keçirilib. Həmin seçkidə dövlət başçısı Ayaz Mütəllibov qalib gəlib.
Ayaz Mütəllibov istefa verdiyi üçün 1992-ci il iyunun 7-də növbədənkənar prezident seçkisi keçirilib. Bu seçkidən Əbülfəz Elçibəy qalib çıxıb.
1993-cü ildə Əbülfəz Elçibəy istefaya göndərilib. Həmin il oktyabrın 3-də keçirilən növbədənkənar seçkidə Heydər Əliyev dövlət başçısı seçilib.
1998-ci il oktyabrın 11-də keçirilən növbəti seçkidə Heydər Əliyev yenidən prezident olub.
Sonrakı üç seçkidə – 2003-cü il oktyabrın 15-də, 2008-ci il oktyabrın 15-də və 2013-cü il oktyabrın 9-da İlham Əliyev prezident seçilib.
Azərbaycanda növbəti prezident seçkisi nə vaxt olacaq?
Seçkiyə bir il qalmış…
Seçkini irəli çəkmək mexanizmi işə düşdü
Seçki vaxtı qabaqlasa…
“Prezident bu hüququndan istifadə edə bilər”
Azərbaycanda növbədənkənar prezident seçkisi
Milli Şura seçkini boykot etməyə qərar verdi