Növbədənkənar seçki: kim necə qiymətləndirir?
- 06 Fevral 2018
- comments
- Novator.az
- Posted in ManşetŞərh
Prezident İlham Əliyevin aprelin 11-nə növbədənkənar prezident seçkisi elan etməsi müxtəlif formada şərh olunur.
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a açıqlamasında bildirib ki, bu günədək Azərbaycanda bütün seçkilər konstitusiya normalarına, Seçki Məcəlləsinə və digər aidiyyəti qanunvericilik aktlarına uyğun olaraq demokratik, şəffaf və ədalətli şəkildə keçirilib: “İstər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri xalqın iradəsini əks etdirib, həmçinin yerli və beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.
Bilirsiniz ki, Azərbaycanda hər 5 ilin 3 ili seçkilərlə bağlı olduğundan konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edildi və dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə uzadıldı. Prezidentin səlahiyyət müddəti 7 il müddətinə uzadıldığına görə Azərbaycan prezidentinə seçicilərə etimad votumu üçün müraciət imkanı – növbədənkənar prezident seçkisi elan etmək hüququ verilib. Buna görə də prezident İlham Əliyevin bu il fevralın 5-də imzaladığı “Növbədənkənar prezident seçkisinin elan edilməsi haqqında” sərəncamda nəzərdə tutulmuş məsələlər konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur”.
Prezidentin köməkçisi qeyd edib ki, konstitusiyaya uyğun olaraq 2018-ci il prezident seçkisinin payızda – oktyabr ayında keçirilməsi nəzərdə tutulmuşdu: “Ancaq bu il may ayından başlayaraq ölkəmizdə çoxlu sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək. Onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində silsilə tədbirləri, Beynəlxalq Humanitar Forumu və digərlərini qeyd etmək olar. Həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçki ilə üst-üstə düşür.
Digər tərəfdən, Azərbaycanda mövcud olan praktikaya əsasən, bütün seçkilər payız aylarında keçirilir. Bu mənada, dünyada mövcud olan təcrübəni nəzərə almaqla, müxtəlif səviyyəli seçkilərin ilin ayrı-ayrı fəsillərində, o cümlədən də əvvəlində keçirilməsi daha məqsədəuyğundur.
Həmçinin Azərbaycan prezidentinin 7 il müddətinə seçilməsi prezident səlahiyyətlərinin yerinə yetirilməsinə təsərrüfat ilinin əvvəlindən başlamasını təmin edir. Bu da sosial və iqtisadi sahədə qarşıda duran vəzifələrin daha effektli icrasına əlavə imkan yaradır”.
Əli Həsənov vurğulayıb ki, İlham Əliyevin seçkidə qələbə qazanmaq və yenidən prezident seçilmək imkanı çox yüksəkdir: “Nəticə etibarilə seçkinin oktyabrda və ya apreldə keçirilməsi potensial namizədlərin, o cümlədən də cənab İlham Əliyevin imkanlarını məhdudlaşdıran və onlara əlavə dividend qazandıran hal kimi şərh oluna bilməz”.
Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbər “Azadlıq” radiosuna bildirib ki, hakimiyyət ölkədə narazılığın gücündən qorxaraq seçkinin tarixini qabağa çəkib.
İsa Qəmbər həm də Rusiya amili üzərində dayanıb: “Beynəlxalq birliyin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar rejimi zəiflədir. Zəif Putin isə postsovet məkanındakı avtoritar rejimlərə dəstək vermək imkanını itirir. O baxımdan oktyabrda İlham Əliyev Putin rejiminin də dəstəyini itirə bilər. Bütün bu amilləri nəzərə alaraq hakimiyyət seçkini irəli çəkir və seçkini saxtalaşdıraraq hakimiyyəti əldə saxlamağa cəhd göstərir”.
Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli “Amerikanın səsi”nə deyib: “İlham Əliyev bilirdi ki, oktyabra qədər müxalifət seçkinin saxtalaşdırılmasına qarşı uzunmüddətli kampaniya hazırlayacaq. Ona görə də seçkinin vaxtını dəyişdirdi ki, şəffaf və demokratik seçki keçirilməsi ilə bağlı müxalifətin etirazlarının və tələblərinin qarşısını alsın. İlham Əliyev istəmir ki, seçkiqabağı dövr uzun olsun, ona görə də bunu qısaltdı”.
Liderlərindən biri Əli Kərimli olan Demokratik Qüvvələrin Milli Şurası artıq 11 aprel seçkisini boykot etmәk vә etiraz mitinqlәrinә başlamaq barәdә qәrar qəbul edib. Şuranın liderlərindən olan Cəmil Həsənli bu qәrarı şərh edərkən “Facebook” səhifəsində yazıb: “Milli Şura hesab edir ki, növbәdәnkәnar seçki barədə sərəncam Azərbaycan xalqının seçki yolu ilə öz hakimiyyətini formalaşdırmaq imkanından məhrum edilməsi istiqamətində sonuncu addımlardan biridir”.
Bunu nəzərə alaraq Milli Şuranın 11 aprel seçkisini boykot etmək qərarına gəldiyini açıqlayan Cəmil Həsənli bildirib ki, şura hakimiyyətin seçki oyununa müqavimət göstərmək üçün xalqa çağırış etməyi, bu istiqamətdə bütün mümkün hüquqi və siyasi vasitələrdən yararlanmağı nəzərdə tutur: “Yaxın vaxtda bununla bağlı Milli Şuranın Koordinasiya Mərkəzinin geniş bəyanatı elan ediləcək”.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə Teleqraf.com-a bildirib ki, növbədənkənar prezident seçkisinin elan edilməsi ölkə konstitusiyasına tam uyğun bir məsələdir.
Aydın Mirzəzadə qeyd edib ki, seçkinin yazda, yaxud payızda keçirilməsi arasında böyük, kəskin fərq yoxdur: “Digər tərəfdən yaddan çıxarmayaq ki, 2018-ci il Azərbaycan üçün şanlı yubiley ilidir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyidir. Bu, təkcə respublikamızın yaranmasının bir əsrlik tarixi deyil, eyni zamanda parlamentimizin yaranmasının, ordumuzun, dövlət bayrağımızın qəbul edilməsinin yüz illiyidir. Azərbaycan cəmiyyəti il boyu bu tədbirlərin yüksək səviyyədə keçirilməsi ilə məşğul olacaq. Həmin tədbirlər Azərbaycan dövlətçiliyinin tarixə, müasir dövrə bağlılığını göstərəcək. Bu baxımdan seçkinin öncədən keçirilməsi cəmiyyətin diqqətinin bu tip tədbirlərə yönəlməsinə şərait yaradacaq. Əks halda cəmiyyət həm prezident seçkisinə hazırlığa, eyni zamanda yüz illiklə bağlı tədbirlərin keçirilməsinə diqqət ayırmalı idi”.
Respublikaçı Alternativ (REAL) Hərəkatı növbədənkənar seçki qərarını “tələsik və heç bir əsası olmayan addım” adlandırıb.
“Turan”ın məlumatına görə, hərəkat bununla bağlı bəyanatında vurğulayıb ki, növbədənkənar seçkinin elan edilməsi Azərbaycanda ədalətli və azad seçkilərin keçirilməsi üçün onsuz da məhdud olan imkanları daha da azaldır.
REAL məhdudiyyət deyəndə həm də hərəkatın sədri, prezidentliyə iddialı olan İlqar Məmmədovun həbsdə saxlanmasını nəzərdə tutur. İlqar Məmmədov 2013-cü ilin fevralından həbsdədir. O, 7 il azadlıqdan məhrumetmə cəzası alıb. REAL İlqar Məmmədovu prezident postuna əsas alternativ namizəd sayır.
Bundan başqa REAL bir sıra jurnalistlərin, bloqçuların, ictimai-siyasi fəalların həbsdə olmasını, alternativ informasiya mənbələrinin susdurulmasını da seçkinin demokratikliyə xələl gətirən məhdudlaşdırıcı məqam kimi qeyd edir.
REAL bəyan edir ki, növbədənkənar seçkinin təyin olunması ilə bağlı ağlabatan açıqlama verilməyincə, seçki kampaniyasının demokratikliyini təmin etmək üçün məhdudiyyətlər aradan qaldırılmayınca seçki legitim sayıla bilməz və bu proses “pis hazırlanmış tamaşa”dan başqa bir şey olmayacaq: “REAL seçki keçirilməsi üçün demokratik şərait yaradılmasa və İlqar Məmmədovun iştirakı təmin edilməsə seçkinin nəticəsini tanımayacaq və vətəndaşları bu “məzhəkə”də iştirak etməməyə çağırmaq hüququndan istifadə edəcək”.
Azərbaycanda növbəti prezident seçkisi nə vaxt olacaq?
Seçkiyə bir il qalmış…
Seçkini irəli çəkmək mexanizmi işə düşdü
Seçki vaxtı qabaqlasa…
“Prezident bu hüququndan istifadə edə bilər”
Azərbaycanda növbədənkənar prezident seçkisi
YAP prezidentliyə namizədini bu həftə elan edəcək
Milli Şura seçkini boykot etməyə qərar verdi