Fevralın 5-də prezident İlham Əliyev “Növbədənkənar prezident seçkisinin elan edilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar seçkinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
Dövlət başçısı bu sərəncamı Seçki Məcəlləsinin 179-cu maddəsinə əsaslanaraq imzalayıb.
Novator.az bildirir ki, Seçki Məcəlləsinə 2017-ci il dekabrın 15-də dəyişikliklər edilib. Prezident İlham Əliyev həmin dəyişiklikləri 2018-ci il yanvarın 11-də imzalayıb. Nəticədə konstitusiyanın 101-ci maddəsinin I hissəsinin ikinci cümləsinə əlavə olub. Əlavə müvafiq olaraq prezidentin elan etdiyi halda növbədənkənar prezident seçkisinin keçirilməsi haqdadır. Yeniliyə əsasən, növbədənkənar prezident seçkisi elan ediləndən 60 gün müddətində keçirilməlidir.
2013-cü ilin oktyabrında 5 il müddətinə prezident seçilmiş İlham Əliyevin səlahiyyət müddəti 2018-ci ilin oktyabr ayında başa çatır. Növbədənkənar seçki elan edilməsəydi, seçki bu il oktyabrın üçüncü həftəsinin çərşənbə günü – ayın 17-də keçiriləcəkdi.
2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılıb. Başqa bir yenilik konstitusiyanın 101-ci maddəsinə edilib. 101-ci maddənin I hissəsinə əlavə olunmuş ikinci cümləyə əsasən, dövlət başçısı növbədənkənar prezident seçkisi elan edə bilər.
Seçki Məcəlləsində indiyədək qüvvədə olmuş normaya görə, vaxtından əvvəl prezident seçkisi prezident istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə, konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıldıqda keçirilə bilərdi.
Azərbaycanda növbəti prezident seçkisi nə vaxt olacaq?
Seçkiyə bir il qalmış…
Seçkini irəli çəkmək mexanizmi işə düşdü
Seçki vaxtı qabaqlasa…
“Prezident bu hüququndan istifadə edə bilər”