Gürcüstanda hər 3 adamdan biri siqaret çəkir. Novator.az-ın məlumatına görə, bunu “Tütünə Nəzarət Alyansı” qeyri-hökumət təşkilatının rəhbəri Georgi Baxturidze deyib.
O bildirib ki, Gürcüstanda hər il 11 min adam siqaretin törətdiyi xəstəlikdən həyatını itirir: “Belə çıxır ki, Gürcüstanda hər 5 nəfərdən birini siqaret öldürür. Biz artıq 20 ildir siqaret aludəçiliyinə qarşı mübarizə aparırıq. Gürcüstanda tütün əleyhinə qanun 2003-cü ildə qəbul edilib. 2006-cı ildə isə biz tütünə nəzarət üzrə çərçivə konvensiyasına üzv olmuşuq. 2008-ci ildə Gürcüstanda qüvvədə olan tütün əleyhinə qanun dəyişdirilib. 2017-ci ilə biz çərçivə konvensiyası ilə əlaqədar qanunda növbəti düzəlişə nail olduq”.
Georgi Baxturidzenin haqqında danışdığı düzəlişlər bu ilin mayından qüvvəyə minəcək. Nəticədə bar, restoran, qonaq evləri, kafe və digər istənilən ictimai yerdə siqaret çəkmək yasaqlanacaq. Bar və restoranların eyvan və həyətləri istisna təşkil edir.
May ayından Gürcüstanda yalnız küçədə, evdə, kazinoda, eyni zamanda həbsxanalarda və psixiatrik xəstəxanalarda siqaret çəkmək mümkün olacaq. 2020-ci ilin yanvarından isə ölkədə siqaretə qarşı daha sərt normalar tətbiq ediləcək, açıq stadionda, bütün otellərin otaqlarında siqaret çəkmək yasaqlanacaq.
Xatırladaq ki, Azərbaycanda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun ötən il dekabrın 29-dan qüvvəyə minib. Qanunda tütün çəkilməsinə icazə verilməyən yerlər belə sadalanır:
– təhsil və tərbiyə müəssisələri, habelə onların əraziləri;
– səhiyyə və tibbi-reabilitasiya müəssisələri, habelə onların əraziləri;
– sanatoriya-kurort müəssisələri və onların əraziləri (açıq məkanlar istisna olmaqla);
– idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalar və obyektlər, habelə xüsusi ayrılmış yerlər istisna olmaqla onların əraziləri;
– restoranlar, kafelər, barlar daxil olmaqla ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);
– ticarət obyektləri;
– məişət obyektləri;
– sosial xidmət müəssisələri;
– yerləşdirmə vasitələri (tütün çəkənlər üçün otaqlar və xüsusi ayrılmış yerlər təşkil oluna bilər);
– teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri;
– uşaq meydançaları;
– yerüstü qapalı və yeraltı piyada keçidləri;
– müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobilləri;
– metropoliten stansiyalarının vestibülləri, keçidlər, platformalar və vaqonlar;
– hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla), su nəqliyyatı vasitələri (xüsusi ayrılmış yerlər istisna olmaqla);
– tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binaları, dəmir yolu vağzalları, avtovağzallar (avtostansiyalar) və avtobusların dayanacaq məntəqələri;
– liftlər və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerləri;
– taksofonlar;
– yanacaqdoldurma məntəqələri, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələr, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələri;
– mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlar, iş yerləri (xüsusi ayrılmış yerlər istisna olmaqla).