Yanvarın 31-də Kiyev Apellyasiya Məhkəməsində jurnalist Fikrət Hüseynlinin işi üzrə proses davam edib. Bunu “Turan”a jurnalist özü deyib. Onun sözlərinə görə, məhkəmə prokurorluğun iddiasından əl çəkməsi üçün işi yanvarın 17-də oraya qaytarmışdı: “Prokurorluq yanvarın 31-də məhkəmədə iddiasından əl çəkmədiyini bildirdi. Məhkəmə işin perspektivinin olmadığını bildirdi və yenidən prokurorluğa qaytardı, iddiadan vaz keçməsini tövsiyə etdi. Prokurorluq iddiasından əl çəkməsə, fevralın 8-də yenidən məhkəmə baxışı olacaq”.
Fikrət Hüseynli Azərbaycanı 2008-ci ilin əvvəlində tərk edib və həmin vaxtdan Niderland Krallığında yaşayır. 2014-cü ildən həmin ölkənin vətəndaşıdır.
Bakıda Fikrət Hüseynliyə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə və dələduzluq ittihamları ilə cinayət işi açılıb. Bir neçə il qabaq başlanan bu cinayət işi ilə əlaqədar Fikrət Hüseynli axtarışa verilib.
2017-ci il oktyabrın 14-də Fikrət Hüseynli Azərbaycanın İnterpola verdiyi sorğu əsasında Kiyevin Borispol hava limanında saxlanıb. Oktyabrın 17-də Borispol Rayon Məhkəməsi onun barəsində 18 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Oktyabrın 27-də isə məhkəmə Fikrət Hüseynlinin Azərbaycana ekstradisiya olunmasına dair Kiyev Şəhər Prokurorluğunun vəsatətini rədd edərək jurnalisti zaminə buraxıb.
Kiyev prokurorluğu onun zamində olması ilə razılaşmır və buna görə də məhkəmənin oktyabrın 27-də çıxardığı qərardan protest verib.
41 yaşlı Fikrət Hüseynli vaxtilə “Azadlıq” qəzetinin əməkdaşı olub. Son vaxtlar isə xaricdən yaylan “Turan TV” ilə əməkdaşlıq edir. “Turan TV”nin Azerbaycansaati.com saytı Azərbaycan Respublikası ərazisində məhkəmə qərarı ilə bloklanıb.