Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hava limanlarında viza verilməsini asanlaşdıran fərman imzalayıb. Yanvarın 31-də verilən fərmana görə, Azərbaycanın qanunlarında, prezidentin aktlarında və ölkənin dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə beynəlxalq hava limanlarında viza verilməsi “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsini, habelə viza ilə əlaqədar ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsini təmin etməlidir.
Novator.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinə beynəlxalq hava limanlarında yerləşən xidmət məntəqələrinin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təhvil verilməsini mərhələli şəkildə həyata keçirmək; Azərbaycanın dövlətlərarası və ya hökumətlərarası müqavilələrinə əsasən vətəndaşlarına beynəlxalq hava limanlarında viza verilməsi nəzərdə tutulmuş ölkələrin siyahısını Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etmək tapşırılıb.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti beynəlxalq sərnişindaşımaları həyata keçirən xarici və yerli aviasiya şirkətlərinin Azərbaycana gətirdiyi sərnişinlər barədə əldə etdiyi məlumatların real vaxt rejimində “ASAN Viza” sisteminə göndərilməsini təmin etməlidir.
Fərman 2018-ci il mayın 15-dən qüvvəyə minir.
Dövlət başçısı “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 13 sentyabr 2010-cu il tarixli fərmanı da yeniləyib. Dəyişikliyə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu hallarda vizanı Azərbaycan Respublikasının ərazisində (Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində) ala bilərlər:
– Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda;
– Azərbaycan Respublikası prezidentinin, Azərbaycan Respublikası baş nazirinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi müdirinin, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti rəisinin rəsmi dəvəti ilə Azərbaycan Respublikasına gəldikdə;
– Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin, Azərbaycan Respublikası baş prokurorunun, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin, mərkəzi icra hakimiyyəti orqanı rəhbərinin, Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi rəhbərliyinin, Qafqaz Müsəlmanları İdarəsi sədrinin, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici şirkət rəhbərlərinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə razılaşdırılmış rəsmi dəvəti əsasında Azərbaycan Respublikasına gəldikdə;
– xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin əcnəbilər xüsusi diplomatik missiya ilə Azərbaycan Respublikasına gəldikdə;
– fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak etmək məqsədi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi təqdimatı əsasında Azərbaycan Respublikasına gəldikdə;
– Azərbaycan Respublikasında yaşayan ailə üzvünün vəfatı ilə əlaqədar Azərbaycan Respublikasına gəldikdə (ailə üzvünün vəfatını təsdiq edən sənəd əsasında);
– ərazisində Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, konsulluqları akkreditə olunmayan və Azərbaycan Respublikası ilə birbaşa hava əlaqəsi olan xarici ölkələrin vətəndaşları Azərbaycan Respublikasına gəldikdə.