Azərbaycanın milli futbol komandası Qurban Qurbanovun baş məşqçiliyi ilə ilk oyununu keçirib. Novator.az-ın məlumatına görə, yığma yanvarın 30-u Türkiyənin Antalya şəhərinin “Mardan” stadionunda Moldova millisi ilə üz-üzə gəlib. Oyunda hesab açılmayıb.
Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında futbolçulardan razı qaldığını vurğulayıb: “Onlardan çox şey tələb edə bilməzdim. Meydanda çox düşündülər. Rəqib pressinq edir və daha çox müdafiədən oynayırdı. Üzərində işləməli olduğumuz xeyli nöqsan var. Həmçinin futbolçular fərdi qaydada da öz üzərlərində çalışmalıdırlar. Bakıya qayıtdıqdan sonra da onlarla söhbətlər edəcəyəm. Hər bir futbolçu meydanda özünü yaxşı tərəfdən göstərməlidir”.
Qurban Qurbanov ötən il noyabrın 3-də Azərbaycan milli futbol komandasının baş məşqçisi təyin olunub. O, “Qarabağ”ın baş məşqçisi postunda da qalır.
45 yaşlı Qurban Qurbanov futbolçu karyerası ərzində Azərbaycanın “Daşqın”, “Turan”, “Kür-Nur”, “Neftçi”, “İnter”, Gürcüstanın “Mertsxali”, “Alazani”, Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Baltika”, “Volqar” klublarında hücumçu mövqeyində çıxış edib. Azərbaycan milli komandasının heyətində 67 oyun keçirib və 14 qol vurub.
2006-cı ildə futbolçu karyerasını başa vuran Qurban Qurbanov əvvəl Bakının “İnter” klubunun idman direktoru vəzifəsində çalışıb, sonra “Neftçi”də baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir.
“Qarabağ” onun dövründə 4 dəfə Azərbaycan çempionu olub, 4 dəfə Azərbaycan kubokunu qazanıb, 3 dəfə Avropa Liqasının, 1 dəfə Çempionlar Liqasının qrup mərhələsinə düşüb.
Novator.az xatırladır ki, Azərbaycanın futbol yığması UEFA-nın yeni turniri olan Millətlər Liqasının D divizionunun 3-cü qrupunda Farer adaları, Malta və Kosovo ilə mübarizə aparacaq. Milli komanda ilk oyununu bu il sentyabrın 7-si Bakıda Kosovo seçməsinə qarşı keçirəcək. Qurban Qurbanovun yetirmələri sentyabrın 10-da Malta, oktyabrın 11-də Farer adaları səfərinə çıxacaq.
Milli komanda oktyabrın 14-də Maltanı, noyabrın 17-də Farer adalarını qəbul edəcək. Hər iki görüş Bakıda olacaq. Sonuncu matç noyabrın 20-si Kosovoda keçiriləcək.
D divizionunun 1-ci qrupunda Gürcüstan, Latviya, Qazaxıstan, Andorra; 2-ci qrupunda Belarus, Lüksemburq, Moldova, San Marino; 4-cü qrupunda Makedoniya, Ermənistan, Lixtenşteyn, Cəbəllütariq yığmaları yer alır.
Millətlər Liqası 2020-ci ilin Avropa futbol çempionatının final mərhələsinə hər diviziondan bir komanda olmaqla dörd vəsiqə verir. Bunun üçün divizionlardakı qrup qalibləri arasında yarımfinal və final matçları keçiriləcək. Qrup qalibi Avropa çempionatına həmin turnirin özünün seçmə mərhələsindən düşərsə, onu Millətlər Liqasının növbəti ən yaxşı komandası əvəzləyəcək.