Hesablama Palatası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayıb. Rəsmi məlumata görə, maliyyə hesabatlarının ictimailəşdirilməsi, gəlirlər və xərclər smetalarının tərtib olunması və aidiyyəti dövlət qurumları ilə razılaşdırılması, fəaliyyətin zərərlə nəticələnməsinin qismən aradan qaldırılması imkanlarından istifadə, vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənməsi, bəzi aktivlərin istifadə vəziyyəti ilə əlaqədar uçot və hesabatlılıq işlərinin aparılması, dövlət əmlakının istifadəyə verilməsi üzrə icarə haqlarının müəyyənləşdirilməsi, daxili audit sisteminin funksionallığının təmin olunması sahəsində nöqsanlar aşkar edilib, eləcə də kommersiya fəaliyyətindən daxilolmalar, əsaslı vəsait qoyuluşu xərcləri hesabına dövlət büdcəsindən ayrılan vəsaitlər və cəlb olunan kredit vəsaitlərinin əsasən eyni hesablaşma hesabına mədaxil edilərək xərclənməsi müşahidə olunub, bu da vəsaitlərin təyinatı üzrə istifadəsində müəyyən risklərin yaranmasına gətirib.
Auditlə həmçinin avans qaydasında ödənişlərin həyata keçirilməsi səbəbindən əvvəlki illərdən qalan uzunmüddətli debitor borcların mövcud olması və əsasən hava gəmilərinin alınması ilə əlaqədar maliyyə-kredit təşkilatları qarşısındakı kreditor borcların artmasının likvidlik qabiliyyətinə mənfi təsir göstərməsi müəyyən edilib.
Hesablama Palatası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin və tabeliyində olan qurumların maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələrini də açıqlayıb. Qeyd olunur ki, audit tədbiri Dövlət Bayrağı Muzeyi və kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi, eləcə də “Sahil Xidməti” MMC və “Dənizkənarı Milli Park” MMC-ni əhatə edib: “Müsabiqədənkənar işə götürülmüş işçilər dövlət qulluğuna qəbul olunub, onlara dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlar verilib, eyni zamanda dövlət qulluqçularının kollektiv mükafatlandırılması zamanı staj müddəti başa çatmamış qulluqçuya (stajçıya) mükafat artıq ödənib, işçilərə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənişi zamanı, həmçinin məzuniyyət vaxtı üçün orta əməkhaqqının düzgün hesablanmaması səbəbindən artıq vəsait verilib.
Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi ştat cədvəllərini tərtib edərkən qüvvədə olan normativ-hüquqi aktların tələblərinə riayət etməyərək vəzifə maaşlarını yüksək müəyyənləşdirib.
“Dənizkənarı Milli Park” MMC dövlət mülkiyyətində olan torpaq sahələrinə görə icarə müqaviləsi bağlamalı olduğu halda qeyd olunan tələbi gözləməyərək dövlət büdcəsinə icarə haqqı hesablamayıb və ödəməyib, həmçinin pullu xidmət göstərən obyektlərin işlətdikləri enerji sərfiyyatının dəyəri büdcə vəsaiti hesabına ödənib”.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzində, Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsində, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-də yoxlamalarda da nöqsanlar üzə çıxıb.