“On dörd il ərzində valyuta ehtiyatlarımızı 23 dəfə artırmışıq”. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasına həsr olunan 29 yanvar konfransında belə deyib.
Dövlət başçısı giriş nitqində regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının tarixinə toxunub: “Birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Həyat bunu əyani şəkildə göstərir. 2004-cü ilin əvvəllərində qəbul edilmiş proqram Azərbaycan regionlarında dönüş yaratdı. Azərbaycan regionlarının sürətli inkişafı məhz birinci proqramın icrası ilə bağlı idi.
2003-cü ildə prezident seçkisi ərəfəsində bəyan etmişdim ki, Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə Azərbaycan regionlarının problemləri ilə məşğul olacağam. Söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Son 14 il ərzindəki reallıqlar bunu göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirildi.
Biz 2004-cü ildə ilk növbədə infrastruktur layihələrindən başlamalı idik. Çünki bu olmadan hər hansı bir inkişafdan söhbət gedə bilməzdi. Elektrik təsərrüfatımıza böyük investisiyalar qoyuldu. Son 14 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilib. Bu stansiyaların generasiya gücü 2500 meqavata bərabərdir. 2004-cü ilə qədər Azərbaycanda bütün dövrlər ərzində 9 elektrik stansiyası tikilmişdi. Ancaq onların generasiya gücü böyük idi, onların potensialı 3900 meqavatdır. Biz 14 il ərzində generasiya gücümüzün 2500 meqavat artırılmasına nail olduq. Bu il bu rəqəm 2900 meqavata çatacaq.
Biz 2004-cü ildə elektrik enerjisini idxal edirdik və buna görə valyuta ödəyirdik, hazırda nəinki özümüzü tam şəkildə təmin edirik, eyni zamanda elektrik enerjisini ixrac etməyə başlamışıq.
2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idi. Bölgələrdə demək olar ki, qaz yox idi, şəhərlərdə də yox idi, kəndlərdə ümumiyyətlə yox idi. Hazırda Azərbaycanda qazlaşdırma 93 faizə çatıb. Bütün şəhərlərimiz qazla 100 faiz təmin edilib. Bir çox kəndlərimizdə bu proses davam etdiriləcək.
İçməli su və kanalizasiya problemləri insanları narahat edən çox ciddi problemlər idi. Düzdür, bu sahənin bilavasitə iqtisadi və sənaye inkişafımıza o qədər də böyük təsiri olmasa da, bu, çox ciddi sosial məsələdir. Ona görə biz bu məsələ ilə də ciddi məşğul olmağa başlamışıq.
2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz idi, hazırda bu, 67 faizə çatıb, Bakı şəhərində 81, bölgələrdə isə 43 faizdir. Ona görə bu sahəyə bu il və gələcək illərdə böyük sərmayə qoyuluşu nəzərdə tutulur ki, biz bu məsələni də həll edək”.
Prezident kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlər görüldüyünü vurğulayıb, avtomobil yollarının tikintisindən söz açıb. O qeyd edib ki, on dörd il ərzində iqtisadi göstəricilər də yaxşılaşıb: “İqtisadiyyat 14 il ərzində 3,2 dəfə artıb. Hesab edirəm ki, bu, dünya miqyasında rekord göstəricidir. Qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artıb. Bu onu göstərir ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq neftin, qazın istehsalı ilə bağlı deyil. Bizim iqtisadi inkişafımız çoxşaxəlidir. Ona görə qeyri-neft sektorunun 2,8 dəfə artması aparılan islahatların nəticəsidir. Sənaye sahəsində 2,6 dəfə artım var, kənd təsərrüfatında 1,7 dəfə. Qeyri-neft ixracımız 4,1 dəfə artıb.
2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idi. Bu gün isə bizim valyuta ehtiyatlarımız 42 milyard dollara bərabərdir. On dörd il ərzində valyuta ehtiyatlarımızı 23 dəfə artırmışıq. Həm böyük investisiya layihələrinə, infrastruktur layihələrinə, neft-qaz kəmərlərinin tikintisinə vəsait qoymuşuq. Bunlar çox vəsait aparan layihələrdir. Eyni zamanda öz valyuta ehtiyatlarımızı 23 dəfə artırmışıq və adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Bizim valyuta ehtiyatlarımız ölkəmizin ümumi daxili məhsuluna bərabərdir. İqtisadçılar yaxşı bilirlər ki, bu göstərici nəyi əks etdirir.
On dörd il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub. Bunun yarısı xarici, yarısı isə daxili sərmayədir. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan yenə də dünya miqyasında lider dövlətlər arasındadır. Onu da deməliyəm ki, müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi son 14 il ərzində qoyulub. Bu proses davam edir. Keçən il 14,6 milyard dollar sərmayə qoyulub, bu il ən azı ona bərabər həcmdə sərmayə yatırılacaq”.