Ölkədə dövlət qeydiyyatına alınan 4 min 180 qeyri-kommersiya təşkilatı, 5 min 200-ə qədər KİV fəaliyyət göstərir. Ədliyyə Nazirliyinin 2017-ci il hesabatında belə məlumat yer alır.
Bildirilir ki, ötən il 2016-cı illə müqayisədə 23% çox – 1400-ə yaxın normativ hüquqi akt layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 3 min 200-ə yaxın belə akt hüquqi ekspertizadan keçirilib.
Qanunvericiliyin elektron bazalarına (E-qanun.az, Huquqiaktlar.gov.az) 810 minə qədər müraciət olub.
Hesabata görə, notariat orqanlarında 3,9 milyona qədər əməliyyat aparılıb, 324 min vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib.
Nazirliyin 25 elektron xidmətindən istifadə edənlərin sayı əvvəlki illə müqayisədə 2,5 dəfə artaraq 4,6 milyonu ötüb.
Məhkəmə Ekspertizası Mərkəzinə il ərzində 41 ekspert ixtisası üzrə 34 min 800-dən artıq iş daxil olub, ekspertlər 785 minə yaxın suala cavab verməklə qaldırılan məsələlərin 99,5%-ni həll edib.
2017-ci ildə yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət qaydasında 62 min 600 bələdiyyə aktına baxılıb, nazirliyin təklifləri əsasında 1454 akt ləğv edilib və ya dəyişdirilib, bələdiyyələrin qanunsuz ayırdığı 2 min 640 hektar torpaq sahəsi geri qaytarılıb. Qanunvericiliyin tələblərini pozan bələdiyyə sədrləri barədə 98 inzibati xəta haqqında protokollar məhkəmələrə göndərilib.
2017-ci ildə məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı məhkəmələrə göndərilmiş müraciətlərin 98%-i (2 min 200 müraciət) müsbət həll edilib.