2017-ci ildə Naftalanın istirahət-əyləncə və sağlamlıq mərkəzləri 62 ölkədən 7 min 309 nəfər xarici turist qəbul edib. AZƏRTAC-ın məlumatına görə, bu, 2016-cı illə müqayisədə 2266 nəfər çoxdur, həm də paytaxtdan sonra ən yüksək göstəricidir.
Mərkəzlərdə daha çox Rusiya, Qazaxıstan, Özbəkistan, Türkiyə və Ukraynadan olan turistlər istirahət edib, yaxud müalicə alıblar. Ötən il ilk dəfə olaraq dünyanın bütün qitələrindən və ayrı-ayrı regionlardan turist qəbulu həyata keçirilib. Yaponiya, Cənubi Koreya, Çin, Hindistan, Kamboca, Yeni Zelandiya, Filippin, Kanada, Meksika, Braziliya və ABŞ-dan, Afrikadan, Avstraliyadan gələn turistlər sağlamlıqlarını bərpa ediblər.
Naftalan Şəhər İcra Hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri Ülfət Əliyev AZƏRTAC-a bildirib ki, turistlərin sayındakı artımı və tələbatı nəzərə alan şəhər rəhbərliyi yeni sağlamlıq-istirahət mərkəzləri açmaq istəyən sahibkarlara dəstək göstərib, iki otelin və bir istirahət-sağlamlıq mərkəzinin fəaliyyətə başlaması üçün aparılan işlər yekunlaşmaq üzrədir.
Novator.az xatırladır ki, rəsmi hesabata əsasən, 2016-cı illə müqayisədə 2017-ci ildə Azərbaycana gələn xarici vətəndaşların sayı 20% artaraq 2 milyon 691 min 998 nəfər olub. Turistlərin 853 min 82 nəfəri Rusiya, 537 min 710 nəfəri Gürcüstan, 362 min 597 nəfəri İran, 301 min 553 nəfəri Türkiyə, 102 min 360 nəfəri Birləşmiş Ərəb Əmirlikləri, 62 min 454 nəfəri İraq, 57 min 756 nəfəri Ukrayna, 33 min 273 nəfəri Səudiyyə Ərəbistanı, 381 min 213 nəfəri digər ölkələrin vətəndaşıdır.
2016-cı illə müqayisədə 2017-ci ildə Səudiyyə Ərəbistanından 4,5 dəfə, Omandan 7,4 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 1,9 dəfə, İrandan 1,4 dəfə, Hindistandan 2,3 dəfə çox xarici vətəndaş gəlib.