Azərbaycan Hərbi Prokurorluğunda kollegiya iclası keçirilib. Yanvarın 26-da yayılan rəsmi məlumata görə, hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini, respublika hərbi prokuroru Xanlar Vəliyev ötən il Silahlı Qüvvələrdə qeydə alınmış cinayətlərin 99,3 faizi açılıb: “2016-cı illə müqayisədə böyük ictimai təhlükə törətməyən cinayətlər 8,1 faiz, hərbi xidmətdən yayınma cinayətləri 8,8 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 11,8 faiz, silahla və ya ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 25 faiz, rüşvət alma və rüşvət vermə cinayətləri 27,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 3,4 faiz azalıb.
2016-cı illə müqayisədə birləşmələr üzrə qeydə alınmış cinayətlərin sayı Dövlət Sərhəd Xidmətinin hərbi hissələri üzrə 21 faiz, Fövqəladə Hallar Nazirliyinin hərbi hissələri üzrə isə 7,7 faiz düşüb.
2017-ci ildə korrupsiya və rüşvətxorluq faktları üzrə 146 şəxs barəsində 123 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib. Dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, onların əməlləri nəticəsində dövlətə vurulmuş maddi ziyanın 86,8 faizi istintaq zamanı ödətdirilib.
Axtarışda olanlardan 36 nəfər tutularaq istintaqa cəlb edilib. Təhqiqat orqanlarının fəaliyyətində 153 yoxlama keçirilməklə 2887 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 268 təqdimat verilib, 256 nəfərə xəbərdarlıq elan edilib, 28 cinayət işi başlanıb.
Təhqiqat orqanlarının icraatında olan işlər üzrə 119 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 670 qanunsuz qərar ləğv olunub, onlardan 40-ı üzrə cinayət işi başlanıb”.
Kollegiyada hərbi prokurorluq əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb olunub. Vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə hərbi prokurorluğun 11 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.