Ermənistanın Ədliyyə Nazirliyi hökumətin strukturu və fəaliyyəti ilə bağlı qanun layihəsi hazırlayıb. Novator.az bildirir ki, ictimai müzakirəyə təqdim edilən layihəyə əsasən, hökumət baş nazirin birinci müavinindən, 2 müavinindən və 18 nazirdən ibarət olur.
Hökumət baş nazirin təyinatından sonra 15 gün ərzində formalaşır. Layihəyə görə, baş nazir təyin olunandan sonra 5 gün ərzində prezidentə hökumət üzvlərinin tərkibi ilə bağlı təkliflər verir. Prezident tərkibi 3 gün ərzində təsdiqləməli və ya Konstitusiya Məhkəməsinin rəyinə göndərməlidir.
Üzvlərin azı üçdə ikisi təsdiqləndikdə hökumət formalaşmış sayılır. Fəaliyyətə başlayanda hökumət üzvləri prezidentin hüzurunda and içir.
Ədliyyə Nazirliyinin açıqladığı layihəyə əvvəl hökumətin iclasında baxılacaq, sonra sənəd parlamentə təqdim olunacaq.
Aprelin 9-da hakim Respublika Partiyasının sədri Serj Sərkisyanın Ermənistan prezidenti postunda səlahiyyət müddəti başa çatır. Həmin gün ölkə tam parlament idarə üsuluna keçəcək, icra hakimiyyətinə baş nazir rəhbərlik edəcək. Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament 1-10 mart aralığında seçməlidir.
Respublika Partiyasından prezidentliyə Ermənistanın Böyük Britaniyada səfiri Armen Sərkisyan namizəd seçilib.
7 illiyə seçiləcək yeni prezident səlahiyyətinin icrasına aprelin 9-da başlayacaq. Aprelin 9-dan aprelin 16-dək fraksiyalar baş nazir postuna namizədlərini təqdim etməlidir. Baş nazir aprelin 17-si parlamentdə seçiləcək, sonra onun müavinləri və nazirlər təsdiqlənəcək.
2008-ci ildən prezident olan Serj Sərkisyanın baş nazir kürsüsündə əyləşəcəyi gözlənir. Ermənistan parlamentinin 105 deputatının 58-i Respublika Partiyasının üzvüdür. Hökumət ortağı olan Daşnaksütun Partiyası 7 mandatla təmsil olunur.