Avropa Şurası Parlament Assambleyasının 25 yanvar iclasında Azərbaycan nümayəndə heyətinin üzvü, sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri Sevinc Fətəliyevanın “Silahlı münaqişələrdə uşaqların müdafiəsi” adlı məruzəsi dinlənilib.
AZƏRTAC xəbər verir ki, məruzəçi Avropa Şurasının perimetrində yerləşən Dağlıq Qarabağ regionunda, Suriya, Ukrayna kimi ölkələrdə müxtəlif silahlı münaqişələrin narahatlıq doğurduğunu qeyd edib. O, uşaqların münaqişənin nəticələrinin qurbanı olduğunu vurğulayaraq onların müdafiəsinin vacibliyinə toxunub: “Bu bölgələrdə əhalinin böyük əksəriyyəti deportasiyaya məruz qalıb. Dağlıq Qarabağda gərginlik davam edir və təmas xətti boyunca dəfələrlə zorakılıq aktları nəticəsində uşaqlar, mülki şəxslər həyatlarını itiriblər. Bu regionda son hadisələrdən sonra həmməruzəçilər hər iki ölkəni münaqişəni sülh yolu ilə həll etməyə çağırıblar. Assambleya dəfələrlə münaqişələrlə bağlı qətnamələr qəbul edərək tərəfləri Avropa Şurasının üzv dövlətləri kimi öhdəliklərinə riayət etməyə səsləsə də, təəssüf ki, sülh hələ də bərqərar olmayıb”.
Deputat silahlı münaqişələrdə uşaqların zorakılığa və ölümə məruz qalan həssas qrup olduğunu, silahlı münaqişələrdə iştirak etməyə məcbur edildiyini qeyd edib: “Zorakılıqlar uşaqları valideynlərindən ayrı salır, ciddi psixoloji zərbə vurur və sonradan onların zorakı davranış almasına səbəb olur. Silahlı münaqişələr bəzən Avropa sərhədlərindən uzaqlarda görünsə də, dondurulmuş, həllini gözləyən və ya postmünaqişə vəziyyətlər baxımından Avropa narahat olmalıdır.
Parlament Assambleyası uşaqlarla bağlı silahlı münaqişələrin nəticələrindən, eləcə də bu sahədə beynəlxalq öhdəliklərə riayət edilməməsindən narahatlığını bildirməlidir. Assambleya üzv dövlətləri davam edən silahlı münaqişələrə son qoymağa töhfə verməyə çağırmalı, silahlı münaqişələrin qurbanı olan, zorakılığa məruz qalan uşaqları müdafiə etməli və dəstəkləməlidir. Üzv dövlətlər münaqişədə olan, eləcə də qaçqınları qəbul edən ölkələrdə uşaqlar və ailələr üçün müvafiq sosial və iqtisadi şəraitin yaradılmasına, beynəlxalq təşkilatlar və ya qeyri-hökumət təşkilatlarının yerlərdə fəaliyyətini asanlaşdırmağa yardım etməlidirlər”.
Azərbaycan nümayəndə heyətinin üzvü Rövşən Rzayevin çıxışında deyib ki, 2017-ci il sentyabrın 1-nə olan statistikaya görə, Qarabağ müharibəsində itkin düşmüş 3868 azərbaycanlıdan 3126-sı hərbçi, 742-si isə mülki şəxsdir: “Mülki şəxslər arasında 62 uşaq, 262 qadın və 302 yaşlı insan olub. Əldə edilən məlumata əsasən, itkin düşmüş 3868 nəfərdən 872-ni erməni hərbçiləri əsir və girov götürüb. Onlardan 591-i hərbçi, 281-i isə mülki şəxsdir. Bu mülki şəxslərin arasında 29 uşaq, 98 qadın və 111 yaşlı insan var”.
Avropada dondurulmuş, həllini gözləyən və postmünaqişə zonalarında uşaqların vəziyyətindən danışan deputat deyib: “Gələcək nəsillərimizi qorumaq, onlara problemlər qoymamaq üçün məruzədə təklif olunduğu kimi silahlı münaqişələrin sülh yolu ilə həlli üçün Avropa ölkələrinin öhdəlikləri ilə bağlı söylənilən fikirləri dəstəkləyirəm”.
Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 193 azərbaycanlı körpə və uşaq qətlə yetirilib, 61 uşaq itkin düşüb, 27-si isə hələ də əsirlikdədir: “1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq son dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. Təkcə Xocalı soyqırımı nəticəsində qətlə yetirilən 613 dinc sakin arasında 63 uşaq, 106 qadın olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Xocalı hadisələri zamanı 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb.
Nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır, uşaq ölümlərinin sayı artmaqda davam edəcək. Təkcə son bir neçə ildə Fariz Bədəlov, Aygün Şahmalıyeva, Elnarə Şahmalıyeva, Elsəvər Cəfərov, Şahin Həsənov Ermənistan dövlətinin qeyri-insanı, bütün beynəlxalq konvensiyalara zidd davranışlarının qurbanı olub. Son olaraq ötən il 2 yaşlı Zəhra Quliyevanın qətlə yetirilməsi Ermənistanın heç bir beynəlxalq hüquqi sənədlərə, eyni zamanda ən adi humanitar təşəbbüslərə məhəl qoymadığını, ən qəddar və qeyri-insani üsullar tətbiq edərək uşaqları qətlə yetirməkdə davam etdiyini göstərir”.
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov müzakirələrin getdiyi əsnada da ermənilərin münaqişə bölgəsində atəşlər açdığına, yeni faciələr törətdiyinə diqqət çəkib: “Müharibələrdən, hərbi münaqişələrdən zərər çəkən uşaqları necə qorumağın yolları barədə düşünürük. Zəlzələ vaxtı kövrək bir şüşəni sınmaqdan necə xilas etmək olar? Mümkünsüzdür! Gərək müharibələrin, hərbi münaqişələrin nəticələrini necə yumşaltmaq barədə deyil, belə qarşıdurmaların özlərini yox etmək barədə düşünək. Biz indi bu düşüncələri bölüşdüyümüz dəqiqələrdə işğalçı erməni ordusunun atdığı mərmi, açdığı atəş sərhəd bölgəsindəki Azərbaycan uşağını yuxusundan diksindirir, yaralayır, həyatını əlindən alır”.
Məruzənin yekdilliklə qəbul olunduğu bildirilir.