Azərbaycanın futbol yığması UEFA-nın yeni turniri olan Millətlər Liqasının D divizionunun 3-cü qrupunda Farer adaları, Malta və Kosovo ilə mübarizə aparacaq. Milli komanda ilk oyununu bu il sentyabrın 7-si Bakıda Kosovo seçməsinə qarşı keçirəcək. Baş məşqçi Qurban Qurbanovun yetirmələri sentyabrın 10-da Malta, oktyabrın 11-də Farer adaları səfərinə çıxacaq.
Milli komanda oktyabrın 14-də Maltanı, noyabrın 17-də Farer adalarını qəbul edəcək. Hər iki görüş Bakıda olacaq.
Yığma komandanın sonuncu matçı noyabrın 20-si Kosovoda keçiriləcək.
UEFA Millətlər Liqasının qrup mərhələsinin püşkü yanvarın 24-ü İsveçrənin Lozanna şəhərində atılıb. D divizionunun 1-ci qrupunda Gürcüstan, Latviya, Qazaxıstan, Andorra; 2-ci qrupunda Belarus, Lüksemburq, Moldova, San Marino; 4-cü qrupunda Makedoniya, Ermənistan, Lixtenşteyn, Cəbəllütariq yığmaları yer alır.
Millətlər Liqası 2020-ci ilin Avropa futbol çempionatının final mərhələsinə hər diviziondan bir komanda olmaqla dörd vəsiqə verir. Bunun üçün divizionlardakı qrup qalibləri arasında yarımfinal və final matçları keçiriləcək. Qrup qalibi Avropa çempionatına həmin turnirin özünün seçmə mərhələsindən düşərsə, onu Millətlər Liqasının növbəti ən yaxşı komandası əvəzləyəcək.
Novator.az futbol icmalçılarının Azərbaycan milli komandasının şansları barədə nə düşündüyü ilə maraqlanıb. “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli deyib ki, milli komanda münasib qrupda oynayacağı üçün uğurdan danışmağa dəyər: “Dişimizə uyğun rəqiblərlə düşmüşük. Azərbaycan yığmasının yeni baş məşqçisi ölkənin futbolçu potensialına yaxından bələddir. Bu qrupda birinci yer yığmamızın olmalıdır. Mənə elə gəlir ki, Qurban Qurbanov da məhz həmin hədəfə boylanır. Püşkdən sonra nikbin danışıb.
Qrup oyunlarının təqvimi yığmamızın maraqlarına uyğundur. Yəni sentyabr və oktyabrda keçiriləcək iki səfər oyunundan uğurlu nəticə ilə dönüb, 4-5-ci turlarda qrup liderliyini təmin etmək mümkündür.
Düzdür, rəqiblərə heç bir halda yuxarıdan aşağı baxmaq olmaz. Çoxları Kosovodan çəkinir, amma şəxsən mən Farer adalarını daha güclü sayıram. Bu komanda 2016-cı ilin Avropa çempionatının seçmə mərhələsini 6 xalla, 2018-in dünya çempionatının seçmə mərhələsini 9 xalla bitirib.
Qrupu 1-ci yerdə bitirmək növbəti Avropa çempionatının final mərhələsinə qatılmağa bəs etmir. Məncə, komandamızın real gücü yarımfinal və final oyununda bilinəcək. Bütün hallarda ilk hədəf 3-cü qrupda, növbəti hədəf isə D divizionunda 1-ci yeri tutmaq olmalıdır.
Yarımfinal və final oyunları 2019-cu ilə düşəcək. Qurban Qurbanovun sərəncamında qrupda 1-ci yeri tutmağa qadir komanda formalaşdırmaq üçün 7 ay var. Onun bu müddətdən səmərəli yararlanacağına, “Qarabağ” klubundakı uğurlarını daha üst səviyyəyə köçürəcəyinə inanıram”.
Qol.az saytının baş redaktoru Aydın Bağırov hesab edir ki, Azərbaycan yığması ən zəif qrupa düşüb və Qurban Qurbanovun komandası nəinki bu qrupun, ümumilikdə D divizionunun əsas favoritlərindən biridir: “Dörd oyunu Bakıda təşkil olunacaq 2020-ci ilin Avropa çempionatının final mərhələsinə düşmək üçün bundan gözəl şans ola bilməz. 2005-ci ildən bəri futbolumuza külli miqdarda vəsait yatırılmasına baxmayaraq milli komandamız heç bir turnirin vaxt final mərhələsinə çıxa bilməyib. Millətlər Liqası isə bu işi xeyli asanlaşdırır. Bu, uzaq məsafəyə tez çatmaq üçün ən qısa yoldur.
Komandamızın D divizionunda dördlər finalına çıxacağına heç bir şübhəm yoxdur. Əsas mərhələ da məhz bundan sonra başlayacaq. Fikrimcə, dördlər finalına digər qruplardan Qazaxıstan, Belarus və Ermənistan vəsiqə qazanacaq. Bundan sonrakı mərhələ barədə proqnoz vermək isə artıq çətinləşir. Mümkün rəqiblərdən biri Ermənistan olacaq. Bu, psixoloji təzyiqi artıran amildir.
Amma hadisələri qabaqlamaq istəmirəm. Sadəcə, məni düşündürən sual odur ki, həmin mərhələyə komandamız nə qədər hazır olacaq? Əlbəttə, əsas yük yenə də baş məşqçi Qurban Qurbanovun üzərinə düşəcək”.
Novator.az digər divizionların tərkibini də diqqətə çatdırır:
A divizionu – 1-ci qrup: Almaniya, Fransa, Hollandiya. 2-ci qrup: Belçika, İsveçrə, İslandiya. 3-cü qrup: Portuqaliya, İtaliya, Polşa. 4-cü qrup: İspaniya, İngiltərə, Xorvatiya.
B divizionu – 1-ci qrup: Slovakiya, Ukrayna, Çexiya. 2-ci qrup: Rusiya, İsveç, Türkiyə. 3-cü qrup: Avstriya, Bosniya, Şimali İrlandiya. 4-cü qrup: Uels, İrlandiya, Danimarka.
C divizionu – 1-ci qrup: Şotlandiya, Albaniya, İsrail. 2-ci qrup: Macarıstan, Yunanıstan, Finlandiya, Estoniya. 3-cü qrup: Sloveniya, Norveç, Bolqarıstan, Kipr. 4-cü qrup: Rumıniya, Serbiya, Monteneqro, Litva.
A divizionundakı dörd qrup qalibi 2019-cu ilin iyununda keçiriləcək final mərhələsinə vəsiqə qazanır. Bu raund yarımfinallar, üçüncü yer uğrunda oyun və finaldan ibarətdir.
B, C və D divizionlarının qrup qalibləri yuxarı diviziona çıxır, A, B və C divizionlarının qruplarında sonuncu olanlar aşağı diviziona düşür.
Ötən il noyabrın 3-də Qurban Qurbanov Azərbaycan milli futbol komandasının baş məşqçisi vəzifəsinə təyin olunub. O, “Qarabağ”ın baş məşqçisi postunda da qalacaq.
Qurban Qurbanov 13 aprel 1972-ci ildə doğulub. Futbolçu karyerası ərzində Azərbaycanın “Daşqın”, “Turan”, “Kür-Nur”, “Neftçi”, “İnter”, Gürcüstanın “Mertsxali”, “Alazani”, Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Baltika”, “Volqar” klublarında hücumçu mövqeyində çıxış edib. Azərbaycan milli komandasının heyətində 67 oyun keçirib və 14 qol vurub.
2006-cı ildə futbolçu karyerasını başa vuran Qurban Qurbanov əvvəl Bakının “İnter” klubunun idman direktoru vəzifəsində çalışıb, sonra “Neftçi”də baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir.
“Qarabağ” onun dövründə 4 dəfə Azərbaycan çempionu olub, 4 dəfə Azərbaycan kubokunu qazanıb, 3 dəfə Avropa Liqasının, 1 dəfə Çempionlar Liqasının qrup mərhələsinə düşüb.