Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanvarın 25-də sürüşmə zonasında və həmin ərazidən köçürülən sakinlərin yerləşdirildiyi 163 saylı orta məktəbdə olub, sakinlərlə görüşüb.
Bakı Televiziya Qülləsindən 200-250 metr cənub-şərqdə yerləşən sürüşmə sahəsində eni 1 metrədək, vizual görünən dərinliyi 4-7 metr arasında olan çatlar qeydə alınıb.
Report.az-ın məlumatına görə, Eldar Əzizov köçürülən sakinlərə deyib ki, ərazidə araşdırma aparan mütəxəssislər dağ yamacının altında iki yeraltı çayın axdığını müəyyənləşdiriblər, bu çaylarda suyun səviyyəsinin dəyişməsi, eləcə də yağıntıların səviyyəsinin artması sürüşməyə səbəb olan amillərdəndir.
Görüşdə bildirilib ki, sürüşmə zonasından çıxarılan 80 ailəyə – 390 nəfərə Nazirlər Kabinetinin qərar ilə bu aydan müvəqqəti olaraq kirayə haqqı ödənəcək. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlarla birgə ərazidə araşdırma aparılır. Nəticə müəyyən olunanadək sakinlər kirayə haqqı ilə təmin olunacaq. Nəticədə bəlli olduqdan sonra çıxarılan rəyə uyğun tədbirlər görüləcək. Ərazidə təhlükə davam edərsə, vətəndaşlara birdəfəlik kompensasiya verilərək ərazidən köçürülmə məsələlərinə baxılacaq.