Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağın heç vaxt Azərbaycana qaytarılmayacağını deyib. Novator.az-ın məlumatına görə, yanvarın 24-ü Avropa Şurası Parlament Assambleyasının iclasında çıxış edən Serj Sərkisyan Qarabağ münaqişəsinə də toxunub. O deyib ki, sülh danışıqlarının qarşısında əsas maneə Azərbaycanın maksimalist və qeyri-real gözləntiləridir: “Beynəlxalq ictimaiyyət Azərbaycanı illüziyalardan qurtularaq reallığa dönməsinə kömək etsə, çox qısa müddətdə böyük uğur qazanmaq mümkündür. Bu münaqişəni həll etmək zəruridir. Münaqişə xalqlarımızın inkişafını əngəlləyir, adamlarımız həlak olur, böyük maddi ehtiyatlar itiririk”.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA-nın vitse-prezidenti Səməd Seyidov Serj Sərkisyana sərt cavab verib. O, Ermənistan prezidentinin çıxışının yalanla dolu olduğunu, onun dünya ictimaiyyətini aldatdığını bildirib və dövlət başçısına müraciətlə deyib: “Siz Azərbaycana qarşı müharibənin lideri olmusunuz. Niyə çıxışınızda Xocalı faciəsindən danışmadınız? Ermənilər Xocalıda uşaqlar, yaşlı insanlar, qadınlar daxil olmaqla 600-dən çox insanı öldürüb. Niyə etnik təmizləmə barədə danışmadınız? Siz hazırda beynəlxalq ictimaiyyəti aldatmağa çalışırsınız. Nə bu təşkilatın, nə də digər təşkilatların qətnamələrini yerinə yetirirsiniz. BMT, Avropa İttifaqı, Avropa Şurası, digər təşkilatlar Azərbaycan torpaqlarının işğal olunduğunu bəyan edib. Siz bu təşkilatlardan heç kəsi qəbul etməyə hazır deyilsiniz”.
Səməd Seyidovun sualını cavablandıran Serj Sərkisyan Ermənistanın və ermənilərin Xocalı qırğınında heç bir rolunun olmadığını iddia edib. Ermənistan prezidenti Azərbaycanın ermənilərsiz Qarabağ arzuladığını vurğulayıb: “Siz maksimumu, mümkünsüzü – Dağlıq Qarabağı Azərbaycanın tərkibinə qaytarmağı istəyirsiniz. Bu mümkün deyil. Heç vaxt olmayacaq”.
Ermənistan prezidentinin çıxışına münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Qarabağ münaqişəsinin həllində əsas ədalətsizlik ilk növbədə Azərbaycanın suveren ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə bir milyondan çox azərbaycanlının etnik təmizləməyə məruz qalması, onların bütün fundamental hüquqlarının pozulmasıdır.
Hikmət Hacıyev qeyd edib ki, Ermənistan Avropa Şurasına üzv qəbul olunarkən Dağlıq Qarabağ münaqişəsinin həllinə dair öhdəliklər götürsə də, bunları hələ də yerinə yetirməyib: “Avropa Şurası üzv dövlətlər arasında vahid hüquqi məkanın formalaşdırılmasına məsul olduğu halda Ermənistan Azərbaycanın ərazilərini işğal altında saxlamaqda davam edir. Güc tətbiq edərək digər dövlətin tanınmış sərhədlərini dəyişdirmək və ya ərazi əldə edilməsi cəhdləri qəbuledilməzdir.
Ümid etmək istərdik ki, Avropa Şurasının rəhbərliyi bu kimi məsələləri, həmçinin Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulmuş bütün fundamental hüquqları pozulmuş azərbaycanlı məcburi köçkün və qaçqınların hüquqlarını Ermənistan rəhbərliyi qarşısında qaldırıb.
Münaqişənin həlli ilə əlaqədar Azərbaycanın haqlı və ədalətli mövqeyi bütün beynəlxalq ictimaiyyətə bəllidir və bu mövqe dəstəklənir. Azərbaycanın mövqeyinin əsasını BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı təşkil edir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması Azərbaycan icması ilə birlikdə Azərbaycanın sərhədləri daxilində öz müqəddəratını təyin etmək hüququndan istifadə edə bilər.
Münaqişənin həllində irəliləyişə nail olmaq üçün mərhələli prosesin tərkib hissəsi kimi ilk növbədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı rayonlardan Ermənistan qoşunları çıxarılmalı, növbəti addımların atılması üçün zəmin yaradılmalıdır. Bu, münaqişənin həllində yeganə mümkün və real həll variantıdır”.
Novator.az xatırladır ki, 1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın bütün cənub-qərb bölgəsini (özünü müstəqil dövlət elan etmiş Dağlıq Qarabağ vilayətini və ətraf 7 rayonu) işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri sülh danışıqları heç bir nəticə vermir.
1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində doğulan Serj Sərkisyan işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub.
1995-2008-ci illərdə Serj Sərkisyan Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub. 2008 və 2013-cü illərdə prezident seçilib.