İqtisadiyyat Nazirliyində 2017-ci ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib. Rəsmi məlumata görə, 24 yanvar iclasında çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, 2017-ci ildə tikinti materialları, mədən, elektrik enerjisi və digər məhsulların istehsalı, eləcə də emal üzrə yeni sənaye müəssisələri açılıb, mövcud müəssisələrin istehsal gücü artırılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanıb: “Qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında effektiv mexanizmlər – sənaye parkları və məhəllələrinin təşkili işləri davam etdirilir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkında 4 müəssisə açılıb, fəaliyyətdə olan müəssisələrin sayı 6-ya çatıb. Daha 6 müəssisə 2018-ci ildə fəaliyyətə başlayacaq. 15 rezidenti olan Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin layihələrinin investisiya dəyəri 2,7 milyard ABŞ dollarıdır. Layihələrə 1,9 milyard ABŞ dolları investisiya yatırılıb. Hazırda Sənaye Parkında istehsalat və tikintidə 8400 işçi çalışır. Sumqayıt Kimya Sənaye Parkına yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir.
Ötən il Balaxanı Sənaye Parkı istifadəyə verilib. Hazırda sənaye parkının işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri üzrə 5 rezidenti var. Sənaye parkına 23 milyon manat investisiya yatırılıb, 400-ə yaxın daimi iş yeri yaradılıb.
Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur”.
Nazir qeyd edib ki, ümumilikdə sənaye parklarında 2,5 milyard ABŞ dolları investisiya yatırılıb və 11 minədək iş yeri yaradılıb: “Növbəti mərhələdə isə 1,1 milyard ABŞ dollarından çox investisiya yatırılması və 7500-dən artıq yeni iş yeri yaradılması nəzərdə tutulur”.
İclasda vurğulanıb ki, prezident İlham Əliyev böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik olan ənənəvi sahələrin inkişaf etdirilməsi, pambıqçılıq, baramaçılıq, üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq, arıçılıq və digər sahələrin inkişafı istiqamətində qarşıya mühüm vəzifələr qoyub: “Bu tapşırıqların icrası məqsədilə əlavə torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması işləri görülür, sahibkarlara güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, mütəmadi olaraq istehsalçılarla görüşlər təşkil edilir, qarşıya çıxan məsələlər operativ həllini tapır. Ötən il pambıqçılıqla məşğul olan 195 sahibkara 10,2 milyon manat, tütünçülük sahəsi üzrə 100-ə yaxın sahibkara 1,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 900-dən çox yeni iş yeri yaradılıb”.
Bildirilib ki, İqtisadiyyat Nazirliyi “ASAN xidmət” mərkəzləri vasitəsilə 2017-ci ildə sahibkarlara 1646 lisenziya verib, bunun da 1027-i yeni, 619-u müddətsiz lisenziya ilə əvəz edilmiş və ya yenidən rəsmiləşdirilmiş lisenziyalardır: “Lisenziyaların verilməsinə başlandığı 2 noyabr 2015-ci ildən indiyədək isə sahibkarlar ümumilikdə 5 min lisenziya alıb”.
Kollegiya iclasında vurğulanıb ki, ötən il vergi yoxlamaları istisna olmaqla sahibkarlıq subyektlərində cəmi 83 yoxlama keçirilib. 2015-ci ildə belə yoxlamaların sayı 61 mindən çox olub.
Hesabata görə, 2017-ci ildə qeyri-neft ixracı 24,4%, o cümlədən kənd təsərrüfatı və emalı məhsullarının ixracı 28,6%, sənaye məhsullarının ixracı 20,8%, xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərin sayı 14,5% artıb: “Ötən il Azərbaycandan 3179 çeşiddə məhsul ixrac edilib”.
Qeyd olunub ki, Sahibkarlığa Kömək Milli Fondu 2017-ci ildə 146 milyon manat güzəştli kredit verib, kreditlərin 67,6%-i aqrar sektorun, 32,4%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib.