Paytaxtın Səbail rayonunda, Bakı Televiziya Qülləsindən 200-250 metr cənub-şərqdə yerləşən sürüşmə sahəsində eni 1 metrədək, vizual görünən dərinliyi 4-7 metr arasında olan çatlar qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Əziz Qaralov deyib ki, prosesin baş verməsinə səbəb atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti məqsədilə yamacın şaquli kəsilməsi olub. Həmin ərazidə yamacın meylliyi 25-30 dərəcəyə bərabərdir. Lakin yamacın kəsilməsi nəticəsində meyllik 45-50 dərəcəyə çatıb. Mövsümlə əlaqədar yağıntıların olması isə prosesi daha da aktivləşdirib.
Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları ərazidə gündəlik araşdırmalar aparırlar.
Monitorinqlərin nəticəsinə əsasən, çatlarda artım müşahidə olunur, yeni çatlar əmələ gəlir. FHN-in işçiləri çatları gil qatı ilə doldururlar ki, yağıntılar zamanı hopma baş verməsin.
Əziz Qaralov qeyd edib ki, təbiət hadisəsinin qarşısını almaq mümkün deyil: “Sürüşməyə meylli ərazilərdə sürüşmənin aktivləşməməsi üçün tövsiyələr verilə bilər. Göründüyü kimi təbiətə kor-koranə müdaxilə etmək fəsadlar yaradır”.
Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin ərazidə olub və sürüşmə sahəsinə baxış keçiriblər: “Bakı şəhərinin aktiv sürüşmə zonalarından olan bu ərazidə sürüşmə halının baş verməsi yeni hadisə deyil, illərlə mövcud olan köhnə problemdir. Sürüşmə hadisəsi müəyyən dövrdən bir aktivləşir. Yağıntıların normadan artıq olması və digər səbəblər də buna öz təsirini göstərir.
Vaxtilə ərazidə inşa olunmuş qanunsuz tikintilər, onların kommunikasiya xətlərinin qəzalı olması da sürüşməyə təkan verən hallardandır.
Vətəndaşların təhlükəsizliyinin qorunması məqsədilə Səbail Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb. Mütəxəssislərin iştirakı ilə sürüşmənin əhatə dairəsi, bu ərazidə mövcud tikililərin ünvanları və yaşayan vətəndaşların sayı müəyyənləşdirilib.
Sakinlərin təhlükəsizliyinin təmini məqsədilə xüsusi təxliyə və yerləşdirmə planları hazırlanıb, tələbat yaranarsa vətəndaşların müvəqqəti yerləşdiriləcəyi yerlər müəyyənləşdirilib”.
APA xəbər verir ki, sürüşmə sahəsində yaşayan sakinlər müvəqqəti sığınacaqlara yerləşdirilib. Onların əksərinə 49 və 51 saylı orta məktəblərdə sığınacaq verilib.
Sürüşmə zonasında 90-a yaxın evin qəzalı vəziyyətdə olduğunu bildirən “Trend”in məlumatına görə, Bayıl qəsəbəsindən 67 ailə köçürülüb. Yaxın günlərdə köçürülən sakinlərə kirayə pulu üçün kompensasiya veriləcəyi bildirilir. Zədələnməyən evlərdəki ailələr də təhlükəsizlik üçün köçürülüb. Sürüşmə baş verən ərazi təhlükəsizlik zolağı ilə əhatələnib. Ərazi polis nəzarətinə götürülüb.