Daxili İşlər Nazirliyinin 24 yanvar məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsində 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər müzakirə olunub. Baş idarənin rəisi, polis general-mayoru Ramiz Zeynalov məruzəsində deyib ki, maddi-texniki bazanın müasirləşməsi, xidmətin “Elektron hökumət” proqramına uyğun qurulması, qayda pozuntularının texniki vasitələrlə aşkarlanması müasir innovasiyaların tətbiqinə geniş imkan yaradıb: “Avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət gücləndirilib, il ərzində avtomobil yollarında bütövlükdə 421 radar, 914 videokamera və 297 nömrəoxuma sistemi quraşdırılıb.
Dövlət Yol Polisi il ərzində 3,3 milyondan çox yol hərəkəti qayda pozuntusu, o cümlədən 9,4 minə yaxın nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi, 1,7 milyondan çox sürət həddinin aşılması, 140,5 min ötmə, manevr və qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma qaydalarının pozulması, 135 minə yaxın yolayrıcını keçmə qaydalarının pozulması faktı qeydə alıb. Qayda pozuntularına görə 10 min 996 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb”.
Ramiz Zeynalov bildirib ki, son 5 ildə nəqliyyat vasitələrinin sayının ilbəil artmasına baxmayaraq yol-nəqliyyat hadisələrinin sayı azalıb: “Ötən il baş verən 1833 yol-nəqliyyat hadisəsi nəticəsində 750 nəfər həlak olub, 1719 nəfər xəsarət alıb, bu da 2016-cı illə müqayisədə hadisələrin 8,6, həlak olanların 1,2, xəsarət alanların isə 14,2 faiz azalması deməkdir”.
O da qeyd olunub ki, yol polisinin əməkdaşları cinayətkarlıqla mübarizə sahəsində də fəal iştirak ediblər: “Axtarışda olan 54 nəfər və 236 avtomobil saxlanıb, polisin digər xidmətləri ilə birgə 40 kiloqramdan çox narkotik vasitə, 6 ədəd odlu silah aşkar edilərək istintaq orqanlarına verilib. Həmçinin qeydiyyat-imtahan məntəqələrində avtonəqliyyat vasitələrinin sənədləşdirilməsi zamanı axtarışda olan 27 şəxs və 9 avtomobil saxlanıb, habelə 272 saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib. Qaçırılmış və oğurlanmış 246 nəqliyyat vasitəsindən 227-nin isti izlərlə tapılması təmin edilib”.
Müşavirəyə yekun vuran daxili işlər naziri Ramil Usubov tapşırıq və tövsiyələr verib, peşəkarlığın ən vacib amil olduğunu xatırladıb, daha məsuliyyətlə xidmət aparılmasını tələb edib.
Nazir qeyd edib ki, əməkdaşlar hərəkət iştirakçıları ilə ünsiyyətdə etik davranış qaydalarına daim ciddi riayət etməli, sürücülərə törətdikləri inzibati xətanın yarada biləcəyi mənfi nəticələr izah olunmalı, onlarla lüzumsuz dialoq aparılmasına, kobudluğa və mübahisə yarada biləcək digər hallara yol verilməməlidir.
Bu sahədə ciddi dönüş yaradılmasının vacibliyini diqqətə çatdıran daxili işlər naziri 2018-ci ili yol-patrul xidmətinin əməkdaşları üçün “Etik davranış ili” elan etdiyini bildirib, vətəndaşlarla ünsiyyətdə kobudluq göstərən, sürücüyə özünü təqdim etməyən, törətdiyi qayda pozuntusu barədə ona izah verməyən, yaxud bunu bacarmayan əməkdaşlar barəsində ciddi ölçülər götürüləcəyini vurğulayıb.
Nazir yol hərəkətinin iştirakçıları, o cümlədən sürücülər arasında cəmiyyətdəki mövqeyinə, tutduğu vəzifəyə, peşəsinə görə özünü qanundan üstün tutan, törətdiyi qayda pozuntusuna rəğmən imtiyaz tələb edən şəxslərin mövcudluğunu təəssüflə xatırladaraq belələrinə münasibətdə qanunla müəyyən edilmiş qaydada qəti tədbirlərin görülməsini də tələb edib. O, başlıca vəzifənin hərəkət iştirakçılarını cəzalandırmaq deyil, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini təmin etmək, onu kobudcasına pozanların, özünün və başqalarının həyatına təhlükə yaradanların qarşısını almaq olduğunu bildirib.