“Ölkədə 160 nəfərdən çox siyasi məhbus var. Mən də onlardan biriyəm”. Yanvarın 23-ü Qazax Rayon Məhkəməsində son sözlə çıxış edən AXCP sədrinin müavini Gözəl Bayramlı belə deyib. Gözəl Bayramlı həmin gün çıxarılan hökmlə 3 il müddətinə azadlıqdan məhrum edilib.
AXCP sədrinin müavini ötən ilin may ayından həbsdədir. O, mayın 25-i axşam Gürcüstandan Azərbaycana gələrkən Qazax rayonunda tutulub. Rəsmi məlumata görə, siyasətçinin üstündən bəyan edilməmiş 12 min ABŞ dolları çıxıb.
Qaçaqmalçılıqda ittiham olunan Gözəl Bayramlıya cinayət işini Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi qaldırıb, sonradan istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.
Məhkəmə prosesi 2017-ci ilin noyabrından başlanıb. Qazax Rayon Məhkəməsinin hakimi Ağarza Səmədovun sədrliyi ilə keçirilən proseslə əlaqədar Gözəl Bayramlı Bakı İstintaq Təcridxanasından Gəncə İstintaq Təcridxanasına köçürülüb.
Azadliq.info-nun məlumatına görə, Qazax Rayon Məhkəməsi yanvarın 23-də Gözəl Bayramlıya 3 il azadlıqdan məhrumetmə cəzası kəsib. Onun çantasından çıxdığı iddia olunan 12 min dolların dövlətə keçirilməsi haqda qərar qəbul edilib.
Gözəl Bayramlı son sözündə deyib: “Bu gün məhkəmə-hüquq sistemi adına qara ləkə olan, siyasi sifariş yerinə yetirən daha bir prosesə şahidlik edirsiniz. Məni ittiham eləyən tərəf xirtdəyə qədər korrupsiyanın, rüşvətin içində olan, oğru, kriminal, cinayətkar bir rejimdir. İttiham olunan isə bu oğru, avtoritar rejimin cinayətkar mahiyyətini qorxmadan ifşa edən, onun üzünə deyən, daim bu haqda yazan, insanları məlumatlandıran daha bir siyasi fəaldır, daha bir mübarizə insanıdır. Heç nə dəyişməyib…
Mən törətmədiyim bir əməldə – qaçaqmalçılıqda ittiham olunuram. Guya mən Gürcüstandan Azərbaycana 12 min dollar pul gətirmişəm və bunu gömrükdə bəyan eləməmişəm. Tam absurd məsələdir, yalan, böhtandır.
Bu ölkədə 160 nəfərdən çox siyasi məhbus var. Bu zalda elə insanlar var ki, onlar da siyasi məhbus həyatı yaşayıblar. Hətta elələri var ki, bir neçə dəfə… Bütün dünya da bilir ki, onlar siyasi fəaliyyətlərinə görə həbs olunublar, onların cinayət törətdiyini sübut etmək mümkün olmayıb. Bu gün mən də onlardan biriyəm.
Mən 2014-cü ilin oktyabrından dəfələrlə müalicə məqsədi ilə Gürcüstanda olmuşam. Üç dəfə orada ağır əməliyyat keçirmişəm, daim həkim nəzarətindəyəm. Hər 3-4 aydan bir həkim müayinəsindən keçməliyəm. Sonuncu səfərim 2017-ci il mayın 24-də olub. Bir gün yarımlıq səfər idi. Ayın 24-də səhər gedib həkim müayinəsindən keçmişəm, qalan müayinələr mayın 25-də olub. Dərmanlarımı alıb geri qayıdarkən İkinci Şıxlı sərhəd məntəqəsində Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qohumları mənim ayaqqabılarım olan sellofan torbaya o pulu atıb”.
Hakimə səslənən Gözəl Bayramlı deyib ki, ittihamı qəbul etmir: “İlk gündən də qəbul eləməmişəm. Təəssüf ki, siz hakim olaraq məhkəmədə həqiqətin üzə çıxmasına şərait yaratmadınız. Verdiyimiz bir vəsatət də təmin olunmadı. Bütün bunlar siyasi sifarişin olduğunu göstərmirmi? Siz niyə maraqlı olmadınız ki, pulun ekspertizası keçirilsin? Niyə mənim əl-barmaq izlərim götürülmədi?
Dövlət ittihamçısı bəhanə elədi ki, pulun üzərində başqa adamların da əl izləri ola bilər. Əlbəttə, başqa adamların var, mənim əl izim yoxdur. Hörmətli hakim, siz də bütün bunların araşdırılmasında maraqlı olmadınız.
Azərbaycanda 160 nəfərdən çox siyasi məhbusun bir günahı var – Azərbaycan hakimiyyətini tənqid ediblər, hakimiyyətdən hesab sorublar ki, niyə ölkəyə gələn neft pullarından sadə camaata bir qara qəpik də çatmadı? Onlar hakimiyyətdən o hesabı sorublar ki, niyə 2005-2015-ci illərdə 95 milyard dollar pul oğurlanaraq ölkədən çıxarılıb, xarici banklara çıxarılıb? Niyə 48 milyard dollar ofşor hesablara yerləşdirilib? Niyə müxtəlif korrupsiya layihələrinə, gərəksiz yarışlara milyardlar xərcləndiyi halda 17 min tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə təhsildən kənarda qalmağa məcbur olub?
Bu gün intiharlar adi hala, statistikaya çevrilib. Hər il 400-500 nəfər özünə qəsd edir. Niyə bunun kökü araşdırılmır? Niyə bu ölkənin 4 milyona yaxın insanı bir tikə çörək üçün ailəsindən, vətənindən uzaqdadır? Niyə bu ölkənin 2,5 milyon əhalisi yüksək faizli kreditlərin əsirinə çevrilib? Kimlərindir bu banklar? Dövlət başçısının ailə üzvlərinin və digər dövlət məmurlarının.
Bu nə birincidir, nə də sonuncu. Azərbaycanda demokratiyanın, ədalətin bərqərar olması, azad, demokratik cəmiyyətin formalaşması, qanunların aliliyinin təmin olunması, müstəqil məhkəmə sisteminin, azad mətbuatın mövcudluğu bizim əsas istəyimizdir və bunun üçün mübarizəmiz də davam edir. Azərbaycan hakimiyyətini də buna görə tənqid edirik. Amma hakimiyyət bu rəzalətləri aradan qaldırmaq əvəzinə onu tənqid edənləri həbs edir, hədələyir.
2018-c il də cümhuriyyətimizin 100 illiyidir. O cümhuriyyət ki Məhəmməd Əmin Rəsulzadə başda olmaqla qurucu babalarımız bizə miras qoyub gedib. 70 illik sovet imperiyasının caynağından qurtulub Əbülfəz Elçibəyin başçılığı ilə ikinci dəfə Azərbaycanın müstəqilliyinə nail olduq.100 illik respublika ənənəsi olan Azərbaycanı görün bu gün hansı vəziyyətə salıblar. İnsan hüquq və azadlıqlarının durumuna görə dünyada ən axırıncı yerlərdən birini tutur. Afrika ölkələri ilə müqayisə olunur.
70 illik imperiyadan azad olan Azərbaycan xalqı əminəm ki, korrupsioner Əliyev rejimindən də xilas ola bilər. Bu gün azadlıqların önündə ən böyük sədd Əliyevlər hakimiyyətidir. Azərbaycan xalqı necə ki, 1988-ci ildə qalib gəldi, Əliyev rejiminə də qalib gələcək”.